Vyanada ermənilərin Azərbaycanda mülki əhalini hədəfə almasına etiraz aksiyası keçirildi - FOTO
17 oktyabr 2020 22:35 (UTC +04:00)

Vyanada ermənilərin Azərbaycanda mülki əhalini hədəfə almasına etiraz aksiyası keçirildi - FOTO

 

Avstriyanın Vyana şəhərindəki  Azərbaycan diasporu işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına  etiraz olaraq Vyananın Helden Platz meydanında icazəli  aksiya keçirib. Aksiya  iştirakçıları Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini və digər yaşayış məntəqələrini yenidən raket atəşinə tutması  nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasının, mülki obyektlərin dağıdılmasının vandalizm aktı olduğunu bildiriblər və dünya ictimaiyyətini Azərbaycana qarşı qərəzli mövqe tutmamağa, erməni terroruna göz yummamağa çağırıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, “Azer Der” cəmiyyətinin  təşəbbüsü ilə  keçirilən aksiyada Vyanada yaşayan və fəaliyyət göstərən soydaşlarımızla yanaşı türk icmasının nümayəndələri də iştirak ediblər.  Aksiyada çıxış edən soydaşlarınız Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulmasını, Gəncədə  onlarla mülki vətəndaşın, o cümlədən günahsız körpələrin həlak olmasından  təəssüf hissi keçirdiklərini bildiriblər.

Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni  ilə yanaşı Avstriyanın himni də oxunub. İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son qoyun!”,  “Mülki insanlar toxunulmazdır!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” “Ermənistana inanma”“Ermənistanın işğalına son!” “Ermənistanın təcavüzünə son” “Erməni terroruna son”  şüarlar səsləndiriblər.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613
avatar

Oxşar yazılar