Türkiyə universitetlərində Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib - FOTOLENT
28 fevral 2020 18:31 (UTC +04:00)

Türkiyə universitetlərində Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib - FOTOLENT

Türkiyənin nüfuzlu ali təhsil ocaqlarında Xocalı soyqırımı ilə bağlı tədbirlər təşkil olunub.

Lent.az xəbər verir ki, keçirilən tədbirlərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, “525”-ci qəzetin baş redaktor müavini Seyfəddin Hüseynli və Milli Qəhrəman Vahid Quliyev iştirak edib.

Fevralın 25-də universitetin nəzdindəki professor Fuad Sezgin adına Mədəniyyət Mərkəzində keçirilən konfransın təşkilində Azərbaycan-Türkiyə Qardaşlıq və həmrəylik qrupunun rəhbəri Toğrul Xıdırlının mühüm rolu olub. Konfransda universitetin müəllimləri, tanınmış Azərbaycan və Türkiyə ziyalıları, eləcə də yüzdən artıq tələbə iştirak edib.

Tədbirdə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emil Həsənli, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev və "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli məruzələrlə çıxış edib, Xocalı soyqırımın mahiyyəti, törədilmə səbəbləri, dünyada tanıdılmasının vacibliyi və bu yöndə atılan addımlar, gələcəkdə görülməli olan işlər barədə ətraflı danışıblar.

Fevralın 26-da İsparta Universitetində baş tutan tədbirdən öncə İspartanın mərkəzindəki parkda Xocalı ilə bağlı memorial ziyarət edilib və əklil qoyulub. Sonra isə Türkiyənin doqquzuncu prezidenti, Süleyman Dəmirəlin doğma kəndi İslamköydə onun məqbərəsi və adını daşıyan demokratiya muzeyi ziyarət olunub. Azərbaycan nümayəndə heyətinin İsparta Universitetinin rektor müavini və iqtisadi elmlər fakültəsinin dekanı ilə ayrı-ayrılıqda görüşləri olub. Görüşlərdə və burada keçirilən geniş konfransda İsparta Universitetində uzun illərdən bəri çalışan azərbaycanlı alimlər və pedaqoqlar Arif Babanlı, Gültəkin Babanlı, eləcə də digər Türkiyə və Azərbaycan ziyalıları iştirak ediblər.

Daha sonra isə universitetdə təşkil olunan konfransda QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emil Həsənli, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli və Milli Qəhrəman Vahid Quliyev məruzələrlə çıxış ediblər. Onlar Xocalı həqiqətlərinin Türk dünyasına və bütün dünyaya çatdırılmasının vacibliyindən, bunun yollarından, görülmüş işlərdən, rəsmi və ictimai müstəvidə atılan addımlardan, qarşıda nəzərdə tutulan işlərdən ətraflı danışıblar.

Xocalı soyqırımı ilə bağlı növbəti tədbirlər fevralın 27-də Antalya Akdəniz Universitetində və İstanbuldakı Avrasiya-Bir Strateji Araşdırmalar mərkəzində təşkil edilib.

Qeyd edək ki, "Xocalı həftəsi" çərçivəsində keçirilən bu səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, həmçinin QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1594
avatar

Oxşar yazılar