Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə azərbaycanlı rəssamların əsərlərinin sərgisi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim sərgidə Xocalı, 15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı 150-yə yaxın əsərin nümayiş olunduğunu diqqətə çatdırıb. TBMM sədri Mustafa Şəntop Xocalı faciəsini insanlıq əleyhinə törədilmiş cinayət kimi qiymətləndirib. O, Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə çağırıb. Bildirilib ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən sərgi İstanbulun 3 rayonunda da təşkil edilib. Tədbir çıxışlarla başa çatıb.