AXCP Rəyasət Heyətinin “zoom” iclası da Milli Şuranınkından geri qalmadı. Yığışıb qeybət edib, bir az da söyüş söyüb dağıldılar. Vaxtıyla ən yaxın müttəfiqləri olan Müsavat Partiyasının ünvanına “ləyaqətsizcəsinə” ifadəsini belə işlətdilər. Bir az, da deyingən qarılar kimi onun bunun dalınca danışdılar. Və nəticədə belə bir təəssürat yaratdılar ki, hamı satqındır, bir bunlar süddən çıxmış ağ qaşıq.
Qaşıq demişkən, yadıma çömçə düşdü. Hə, məşhur o məsəl: “Qazan deyir dibim qızıldır, çömçə deyir gəzib gəlmişəm”.
Bu qazan-çömçə məsələsinə qayıdacağıq. Amma indilikdə bir məqamı xüsusi vurğulamaq istərdik. Bunlar indi Allah eləməmiş, ''zoom konfrans'' keçirirlər. Normalda bunlar partiyalarının olmayan planlarını heç olmasa müzakirə etməliydilər. Yəni normalda belə olmalıdır. Bunlar nəinki normal müzakirə apara bilmirlər, ümumiyyətlə, normal otura bilmirlər. Biri "mayka"da oturub, biri divanda uzanıb çay hortladır, bir başqası siqaret püləyir. Bunlar bir-birilərinə belə hörmət etmirlər.
AXCP Rəyasət Heyətinin sonuncu “zoom” toplantısında Müsavat Partiyasının rəhbərliyinə qarşı təhqirli ifadələrin işlədilməsi isə ilk belə hal deyildi. Əli Kərimlinin də iştirak etdiyi bu virtual iclasda Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin və digərlərinin müsavatçıları həqarətli şəkildə ittiham etmələri həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, bu məsələnin arxasında bilavasitə AXCP sədrinin sifarişi dayanıb. Kərimli, sadəcə susub durmuşdu. Vaxtıyla bir iqtidar komandasında təmsil olunmuş, bu və ya digər siyasi blokda illərlə müttəfiq olmuş tərəfdaşlarının indi düşmən olduqları rəqibinin ünvanına söylənilən fikirlərdən ləzzət alırdı sanki. Susur, hərdən qımışır... və sonra da, özünün dediyi kimi, Facebook fırtınasını seyr edir. Və bir kimsə bunların fikrinə alternativ fikir söyləyən kimi böyük bir trol ordusu başlayır söyüşə, təhqirə.
Elə vaxtıyla Kərimliylə müttəfiq olmuş başqa bir partiya sədri Sərdar Cəlaloğlu danışır ki, bir dəfə AXCP sədrinin müavini Asif Quliyev partiyadan uzaqlaşdırılandan sonra onun yanına gəlibmiş: “Mənə dedi ki, Sərdar bəy, biz özümüz 200 manat maaşla 5-6 nəfər tutmuşuq, hərəsinin də 10-15 saxta hesabı var. Bunlar nə edir? Azərbaycan müxalifəti çıxış edəndə videonun altına “xain, erməni, ikiüzlü” kimi sözləri yazırlar, iqtidar nümayəndələri çıxış edəndə isə lap küçə söyüşləri yazırlar. Əvəzində Əli Kərimli çıxış edəndə bu troll ordusu başlayır ki, "xalqın lideri", "səndən ötrü ölürük" filan yazmağa. Əli Kərimlinin ''fırtınası'' bax, budur. Bu, insanlıq deyil. Bu, fırtına deyil, siyasətçiyə ləkədir. Sən pulla trol ordusu düzəltmisən. Bu, su bulandırmaqdır”.
Bu arada bir maraqlı məqam. AXCP-nin Rəyasət Heyətinin “zoom” iclasında Əli Kərimlinin də yer alması və hələ də ona ünvanlanan bir sualın cavabsız qalması ilə nəticələnib. Neçə vaxtdır özünün “internet blokadasında” olduğunu bildirən Kərimli, istər partiyasının, istərsə də Milli Şuranın iclaslarına necə və hansı üsullarla qatılır?
Maraqlısı bilirsinizmi həm də nədir? Kərimli də bu qaragüruhu nizamlaya bilmir. Hakimiyyət iddiasında olan biri əksinə, bu söyüş makinasına dəstək verir. Son “zoom-konfrans”da bir jurnalist və bir müharibə veteranı da təhqir edildi. Kərimli isə ənənəvi şəkildə gülümsəməklə kifayətləndi. Amma özünün və ya özlərinin də fərqində deyillər ki, kənardan necə əcaib və gülməli görünürlər? Və bunlar hakimiyyət iddiasındadırlar. Məşhur məsəldə necə deyilirdi? Nə ilə Alış? Artıq özünüzü o qədər ifşa etmisiniz ki, “dibinizin durumu” belə məlumdur. Bunusa anlayın!