Səviyyəsizliyin onlayn nümayişi və ya Milli Şuranın gerçək üzü
16 may 2020 18:14 (UTC +04:00)

Səviyyəsizliyin onlayn nümayişi və ya Milli Şuranın gerçək üzü

İnsanın mədəni keyfiyyətləri sırasında nitqin xüsusi yeri var. Sokratın məşhur, “Ey insan, danış səni tanıyım” fəlsəfəsinə əsaslandıqda isə deyə bilərik ki, nitq insan haqqında ilkin təxminlər yaradan əsas amildir. 

İndi deyəcəksiniz ki, ilin-günün bu vaxtında niyə nitqdən, nitq mədəniyyətindən söz açmışam. Əlbəttə ki, səbəbsiz deyil. Söhbəti siyasətin imitasiyası ilə məşğul olan və daha çox dərnək təsiri bağışlayan “Milli Şura”nın məlum “videokonfransının” üstünə gətirmək istəyirəm. 

*

Bilmirəm baxmısız ya yox, amma mən göz gəzdirmişəm. Sosial şəbəkədə qarşıma çıxmışdı. Cinsi azlıqlardan danışırdılar. Təəccüblü idi, dünənə qədər aksiyalarına dəstək verdikləri zümrəni bu dəfə “asıb-kəsir”, təəssüf edirdilər ki, Hitler cinsi azlıqları qırıb qurtarmayıb. Bu o adamlardır ki, lesbiyanların, geylərin qanunsuz aksiyalarına polis müdaxiləsi olanda, qışqır-bağır salır, insan hüquqlarının pozulduğunu iddia edir, bəyanat tozanağı qoparırlar. Onlayn müzakirədə isə tam fərqli bir münasibət göstərdilər -  nifrət püskürüldü... Bununla işim yoxdur, bu adamlar zatən sünidirlər və məqsədləri də həmişə hadisələrdən siyasi maraqlar üçün istifadə etmək olub. 

*

Əslində həmin o “videokonfransda” diqqətimi çəkən, özünə siyasətçi deyib, ölkəni idarə etmək iddiasında olanların biabırçı davranışları, dilə gətirdikləri küçə ifadələri oldu. Təkrarlamaq istəmirəm, istəsəz, tapıb dinləyə bilərsiz. Görəcəksiniz ki, Gültəkin Hacıyeva özünün vulqar ifadələri ilə kişilər məclisinə necə əyləncə elementləri qatır. Həmkarı Rafiq Manaflının “kişi qəh....si” sözünü dilə gətirərkən onun necə şaqqanaq qopardığını, uğunub getdiyini də görəcəksiniz. Adam fərqinə də varmır ki, tək qadın olaraq iştirak etdiyi məclisdə kişi həmkarı onu varlığına əhəmiyyət vermədən ağzına gələni danışır. Əksinə, sözdən xoşu gəlir, gülüşlə, qəşş etməklə reaksiya verir. Özünə hörmət edən qadın, həmin adamın dərhal cavabını verər və məclisi tərk edərdi. Amma Gültəkin mövzunu davam etdirdi, heç nə olmamış kimi davranaraq, “konfransa” tamaşa edənlərdə, “Öyrəncəlidir” qənaəti yaratmış oldu. Belə çıxır ki, “Milli Şura”nın rəhbərliyində cəm olanların bütün toplantıları elə bu şəkildə keçirilir. Hər halda, yeniliyə bənzəyən heç nə görünmədi. İştirakçıların nə təəccübü hiss olunurdu, nə də təəssüfü. Sanki hər şey ənənəvi və adəti üzrə idi...

*

Bu səviyyə ilə hakimiyyətə gəlmək istəyirlər. Bu düşüncə ilə iqtidar olmaq niyyətindədirlər... Ağlı başında olan adam öz taleyini belələrinə etibar edərmi? 

Etməz!

Kim ölkənin, xalqın gələcəyini bu adamların müəyyən etməsinə razı olar?

Heç kəs!

Belələrinin göstərdiyi yolun sonu uçurumdur. Xalq yuvarlandıqca, Gültəkin şaqqanaq çəkəcək...

*

İndi yəqin anlaşıldı ki, niyə yuxarıda nitqdən, nitq mədəniyyətindən söhbət açmışdım. “Milli Şura”nın həşəmətli rəhbərləri danışdı, siz də tanıdız. Nitq mədəniyyəti doğrudan da vacib amildir! Yəni ki, NƏ DANIŞIRSANSA OSAN!

Açığı həmin virtual toplantıya konfrans deməyə adamın dili gəlmir. Məncə, “Səviyyəsizliyin onlayn nümayişi” daha uyğun təqdimat olardı. Bir nəfərin dilindən ağıllı bir söz eşidilmədi. Bir nəfər “adam arasına çıxarılacaq” fikir dilə gətirmədi. 

Söydülər, qeybət etdilər, gülüşdülər...

 

Nicat DAĞLAR

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3976
avatar

Oxşar yazılar