Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev xalqa müraciətində bildirib ki, Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazili kəndi, Qışlaq kəndi, Qaracalı kəndi, Əfəndilər kəndi, Sur kəndi və Süleymanlı kəndi işğaldan azad edilib.
Lent.az məlumat verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın doğulduğu yer də işğaldan azad edilən ərazilər içərisindədir. Belə ki, Ş.Stepanyan 1988-ci il avqustun 8-də Xocavənd rayonunun Hadrut qəsəbəsində anadan olub.
Qeyd edək ki, Ş.Stepanyan 1995-2005-ci illərdə Hadrut qəsəbəsində yerləşən M.Manvelyan adına orta məktəbi oxuyub və iddialara görə əlaçı qiymətlərlə bitirib. 2005-2009-cu illərdə İrəvan Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyub.
2007-2009-cu illərdə “Hetk” elektron jurnalında araşdırmaçı jurnalist kimi işləyib. 2009-cu ildə Ermənistan Müdafiə Nazirliyinin “Hay zinvor” (Erməni əsgəri - red.) qəzetinin hərbi-siyasi informasiya və hərbi qulluqçuların ideoloji şöbəsinin müxbiri kimi müqaviləli hərbi xidmətə qəbul olunub.
2013-cü ildə eyni qəzetin redaksiyasının mədəniyyət və ictimaiyyətlə əlaqələr şöbəsinin müxbiri, 2015-2016-cı illərdə həmin qəzetin redaksiyasının qoşunların gündəlik fəaliyyətinin işıqlandırılması şöbəsinin redaktoru, 2017-ci ildə eyni qəzetin redaksiyasının qoşunların gündəlik fəaliyyətinin işıqlandırılması şöbəsinin rəisi, 2018-ci ildə “Zinuj Media” (Silahlı Qüvvələr Mediası - red.) dövlət qurumunun mətbuat şöbəsinin müxbiri olub.
2019-cu ildən başlayaraq Ermənistan Silahlı Qüvvələrində qulluq edir. Atası Şahen Stepanyan Qarabağ müharibəsi iştirakçısıdır.
Əlavə edək ki, Şuşan Stepanyan 2020-ci il martın 13-də Ermənistan Müdafiə naziri Davit Tonoyanın əmri ilə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri təyin olunub.