Şuşadakı kilsəyə mifik "raket zərbəsi" - Erməni tərəfin növbəti təxribatı - FOTOFAKT
08 oktyabr 2020 18:05 (UTC +04:00)

Şuşadakı kilsəyə mifik "raket zərbəsi" - Erməni tərəfin növbəti təxribatı - FOTOFAKT

Azərbaycan Müdafiə Nazirliyi erməni mənbələrinin güya Şuşada kilsəsinə raket zərbəsi haqda yaydığı məlumatları şərh edərək bildirib ki, kilsənin zərər çəkməsi barədə xəbərlərin Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Lent.az-ın trend-ə istinadən məlumatına görə, nazirliyin bəyanatında vurğulanır ki, Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq, Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır.

Elə isə, Şuşadakı kilsədə, əslində, nə baş verib?

Kilsədəki dağıntılar haqda erməni KİV-nin yaydığı görüntüləri analiz edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, yayılan ilkin videogörüntülərdə kilsənin binasından qara tüstü çıxdığı göründüyü halda, kilsəinin içindən yayılmış təsvirlərdə heç bir yanğın əlaməti yoxdur.

Onun fikrincə, binanın içərisindəki xarakterik əlamətlər - divardan asılmış bütün şəkillərin yerində olması, ibadət yerinin dağılmaması, hətta şüşə çərçivələrinin belə salamat olması - onu deməyə əsas verir ki, kilsənin daxilində partlayış baş verməyib: “Əgər təqdim olunan şəkillərdəki dəlik raket zərbəsi nəticəsində yaransa idi, həmin raket kilsənin daxilində böyük dağıntılara, yanğına səbəb olmalı idi. Əgər raket binanın xaricində partlayıbsa, o zaman ən azından dam örtüyünün taxta elementləri yanmalı idi”.

Digər tərəfdən, binada zərbənin dəydiyi iddia olunan yerin təhlili və Google Maps üzərindən aparılan araşdırma göstərir ki, “zərbə” kilsənin binasının Azərbaycan tərəfinə yox, Ermənistan tərəfinə baxan hissəsindən “dəyib”: “Erməni tərəfinin məntiqindən belə çıxır ki, raketimiz kilsənin üzərindən keçməli, sonra geriyə dönüş edib, binanın Ermənistan tərəfinə baxan hissəsindən zərbə vurmalı idi. Bu, heç bir sağlam məntiqə sığmayan bəyanatdır. Bir daha aydın olur ki, Ermənistan tərəfi guya Azərbaycanı vandalizmdə ittiham etmək, ölkəmizə qarşı beynəlxalq qınağı formalaşdırmaq istəyir”.

Göründüyü kimi, döyüşlərdə məğlub olduğunu görən Ermənistan rəhbərliyi hər bir şəkildə Azərbaycanı təxribata çəkərək, ölkəmizi dünya ictimaiyyətinə vandal dövlət kimi təqdim etməyə çalışır. Bundan başqa, illər boyu Azərbaycana məxsus dini abidələri dağıdan və xarabalığa çevirən Ermənistan, bu təxribatla diqqəti Azərbaycanın üzərinə yönəltmək və ölkəmizin öz ərazi bütövlüyü uğrunda mübarizəsini “dini rəng”də təqdim etməyi düşünür.

Nəhayət, bundan əvvəl Ermənistanın Baş naziri səviyyəsində səslənən sərsəm iddiaları - Türkiyə F-16 qırıcılarının döyüşlərdə iştirakını, Ermənistan ordusunun Su-25 təyyarəsinin vurulmasını, Azərbaycanın guya Ermənistan ərazisini bombalamasını, mifik “muzdlular” haqda nağılları sübut edə bilməyən Yerevan indi də dini mövzuda feyk yaymağa məcbur olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664
avatar

Oxşar yazılar