Bu gün ermənilər tərəfindən Azərbaycanın Sumqayıt şəhərində təxribat törədilməsinin 32-ci ili tamam olur. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) erməni millətçiləri ilə birgə Azərbaycana qarşı həyata keçirdiyi Sumqayıt hadisələrinin təşkilatçılarından birinin erməni Eduard Qriqoryan olduğu hamıya məlumdur. Himayədarlarının köməkliyi ilə cəzadan yayına bilən Qriqoryanın illər öncə Moskva vilayətinin Sergiyev Posad şəhərində yaşadığı məlum olub.
APA-nın Moskva müxbiri Sumqayıt cəlladının məskunlaşdığı ehtimal olunan Sergiyev Posad şəhərində olub, Qriqoryan barədə indiyə kimi heç yerdə yayımlanmayan məlumatlar əldə edib...
1988-ci il fevralın 27-dən 28-nə keçən gecə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və erməni millətçiləri tərəfindən təşkil edilən iğtişaşların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini səlis bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. Bu hadisələr SSRİ DTK-sının ermənilərlə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs isə iki dəfə məhkumluq həyatı yaşamış "Paşa" ləqəbli Eduard Qriqoryan olub. Onun barəsində ömürlük həbs cəzası istənilsə də, məhkəmənin 12 il həbs cəzası təyin etdiyi Qriqoryan çox keçmir ki azadlığa çıxır.
Sumqayıt cəlladı Eduard Qriqoryan 1991-ci ildə Rusiyadan Ermənistana ekstradisiya olunur. Orada dərhal həbsdən azad olunur. Lakin Ermənistanda qalmır, yenidən Rusiyaya qayıdır. Moskvadan 60 km məsafədə yerləşən Sergiyev Posad şəhərində məskunlaşır.
Sergiyev Posad qədim rus şəhərlərindən ibarət "Qızıl halqa"ya daxil olan şəhərlərdən biridir. Moskva vilayətinin şimal şərqində yerləşən şəhərin əsası XIV əsrdə qoyulub. Sergiyev Posadı Rus provaslavlığının mərkəzi hesab edirlər. Şəhər demək olar ki, başdan ayağa kilsə və monastır komplekslərindən ibarətdir.
34 ildir, Sergiyev Posadda yaşayan azərbaycanlı İsmixan İsmayılov bu şəhərdə Azərbaycandan gələn xeyli erməninin olduğunu bildirir. Hazırda bu şəhərdəki Azərbaycan icmasına rəhbərlik edən həmyerlimiz Eduard Qriqoryanın uzun illər Sergiyev Posadda yaşadığını təsdiq edir. Lakin Qriqoryanın yaşadığı müddətdə onun Sumqayıt cəlladı olmasından heç kəsin xəbəri olmayıb.
Sumqayıtda "Paşa", Sergiyev Posadda "Qarik"
İ. İsmayılov Qriqoryanın Sumqayıtdan baş verən vəhşilikləri törədənlərdən biri olmasını ancaq Azərbaycan dövlətinin onun barəsində axtarış elən etməsindən və onun Sergiyev Posadda yaşaması haqqında məlumat yayılandan sonra xəbəri olduğunu söyləyib: “Onun internetdə şəkilləri yayılmışdı. Həmin şəkilləri mənə göstərəndə onun Qarik olduğunu gördüm. Bu adam uzun müddət idi ki, Sergiyev Posadda kriminal aləmə rəhbərlik edən şəxslərdən biri idi. Burada hamı onu Qarik kimi tanıyırdı. Onun ətrafında olanların əksəriyyəti də Azərbaycandan gələn ermənilər idi. Onlar çox vaxt Sergiyev Posaddakı bazarda olurdular. Həmin bazarda çalışanlardan haqq toplayırdılar. Kriminal "razborkalar"ı həll edirdilər".
Məlum olur ki, 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Eduard Qriqoryan "Qarik" ləqəbi ilə Sergiyev Posadda kriminal aləmə rəhbərlik edən şəxslərdən biri olub.
"Qariklə bir məclisdə görüşmüşdüm"
İsmixan İsmayılov Qariklə (Eduard Qriqoriyanla-red.) bir məclisdə şəxsən görüşdüyünü də söyləyib: "Lakin bu görüş çox əvvəllər olmuşdu. Onun Eduard Qriqoryan olduğu ağlıma da gəlməzdi. Hüquq-mühafizə orqanlarında çalışan yaxın tanışım onun Sergiyev Posadda kriminal dəstəni himayə edən şəxs olduğunu demişdi. Qarik Azərbaycan dilində səlis danışırdı. Birgə olduğumuz məclisdə hər kəsin rus dilində danışmasına baxmayaraq, o, mənimlə söhbət etməyə başlayanda Azərbaycan dilinə keçdi".
Görünən odur ki, Sumqayıtda "Paşa", Sergiyev Posadda "Qarik" olan Eduard Qriqoryan erməni ideyasına xidmətə davam edib. Ta ki, Azərbaycan dövlətinin onun barəsində sosial şəbəkələrdən xəbər tutacağı günə qədər...
2015-ci il 9 fevral tarixində Azərbaycan Eduard Qriqoryan barəsində İnterpol xətti ilə axtarış elan edir. Elə həmin vaxtdan etibarən Qariki - Eduard Qriqoriyanı Sergiyev Posadda bir daha görən olmur.
İsmixan İsmayılov internetdə və mediada Qriqoryanın Sergiyev Posad şəhərində yaşaması ilə bağlı xəbər yayılandan sonra onu axtarmağa başladığını söyləyib: "Mənə onun fotosunu göstərəndə Qarikə çox bənzədiyini gördüm. Qariki axtarmağa başladım. Onu da deyim ki, Qarikin ətrafında üç nəfər erməni vardı. Onlar da Azərbaycandan gələnlərdi. Axtarışlarım heç bir nəticə vermədi. Qarik yoxa çıxmışdı. Adı vardı, özü yox. Yanındakı üç ermənini axtardım. Onların öldükləri məlum oldu. Qarikdən isə xəbər çıxmadı. Heç kəs onun hara getdiyi, taleyinin necə olduğu haqqında heç nə bilmirdi".
Haşiyə. SSRİ Baş Prokurorluğunun Sumqayıtda baş verənləri araşdırmaq üçün hadisələrdən bir gün sonra Azərbaycana göndərdiyi xüsusi mühüm işlər üzrə müstəntiqi Vladimir Kaliniçenko 2018-ci ildə APA-ya müsahibəsində Eduard Qriqoriyan barədə bunları demişdi: "Bildiyiniz kimi, mən o zaman zorlama və qətl cinayətlərinin araşdırılması ilə məşğul olurdum. Mejlumyan bacıları zorlanmışdı. Həmin epizod üzrə Eduard Qriqoryan adlı erməni istintaqa cəlb olunmuşdu. Təbii ki, zərərçəkmişlərlə üzləşdirilən zaman onu tanıdılar. Qriqoryanın həbs edilməsi ilə bağlı qətnaməni mən özüm çıxartmışam. Onun iğtişaşçılar arasında olduğu istintaqla sübut olunub. Onu da qeyd edim ki, Qriqoryan adi iğtişaşçı deyildi. O, iğtişaşların orta səviyyədə təşkilatçılarından hesab olunurdu. Mən, Sumqayıt hadisələri ilə bağlı Azərbaycanda olduğum müddətdə şəxsən həbs qətnaməsi çıxardığım 5-6 nəfər olub. Onlardan biri də məhz Qriqoryan idi. Onun həbsi edilməsi ilə bağlı əlimdə kifayət qədər sübut olub. Qriqoryan təkcə bir deyil, bir çox epizod üzrə ittiham olunub".
Məlum olur ki, çoxsaylı qətl və zorlama cinayətlərində günahı sübuta yetirilmiş Qriqoryan heç nə olmamış kimi azadlıqda həyatını yaşayıb. Çox güman ki, Sumqayıtda ona dəstək olan qüvvə, Rusiyada da dəstək olmağa davam edib...