Şəntop: "Üçrəngli bayraq bütün Qarabağda dalğalanacaq" - YENİLƏNİB
20 oktyabr 2020 11:49 (UTC +04:00)

Şəntop: "Üçrəngli bayraq bütün Qarabağda dalğalanacaq" - YENİLƏNİB

“Haqq və ədalət yerini tapmadıqca, Qarabağ probleminin həlli olmayacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

TBMM sədri bildirib ki, bu məsələnin həll yolunu tapmadan bölgədə nüfuzunu artırmaq niyyətində olanlar bir gün özləri də yanacaq: “Ermənistan ordusu Azərbaycanın işğal altında olan torpaqlarından çıxmalıdır. Məsələnin bundan başqa həll yolu yoxdur. Ermənistana dayaq olanlar bilməlidir ki, Qafqazda bunu sona qədər sürdürə bilməzlər. Ermənistan da bilməlidir ki, böyük qardaşları onlara sona qədər dəstək olmayacaq. Ən sonunda onlar qonşuları ilə baş-başa qalmağa məcbur olacaqlar. Ərdoğanın da dediyi kimi, Azərbaycanın daha 30 il gözləməyə səbri yoxdur. Artıq beynəlxalq təşkilatlar öz qərarlarının icra etməyə borcludur. BMT-nin qərarlarını Ermənistan heçə saydı. ATƏT-in Minsk Qrupu problemi həll etmək üçün indiyə kimi heç bir real iradə nümayiş etdirmədi. Hətta həmsədrlərdən biri Türkiyə və Azərbaycanı Ermənistana terror hücumu etməkdə günahlandırdı. Vəziyyət belədirsə, Minsk Qrupunun beyin ölümü artıq gerçəkləşib”.

TBMM sədri bildirib ki, Moskva razılaşmasına baxmayaraq, gücü qəhrəman Azərbaycan əsgərinə çatmayan, cəbhədə Azərbaycan ordusundan ardına belə baxmadan qaçan ermənilər ancaq mülkiləri hədəf alır: “Bütün dünyaya sual edirəm. Sizin qərarlarınızı heçə sayan Ermənistanın addımlarını mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?! Lalsınız? Karsınız? Yoxsa, korsunuz?”

TBMM sədri bildirib ki, Bəxtiyar Vahabzadənin “Bayraq” şerinin həyata keçirildiyi günlər yaxındadır: “Bu gün Qarabağda üçrəngli bayrağa hamı salam verməkdədir və salam verməkdə davam edəcək. Bu gün cəbhədə vətənləri üçün mübarizə aparan Əsgərlərə Allah yardımçı olsun. Üçrəngli bayraq bütün Qarabağda dalğalanacaq”.

***

11.18

“İlk olaraq, 1990-cı illərin əvvəlindən etibarən Qarabağ davasına sahib çıxan və bu gün Azərbaycanın haqlı davasına dəstək olan cənab Ərdoğanın parlament nümayəndələrinə və bütün Azərbaycan xalqına salamını gətirdim”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

TBMM sədri bildirib ki, Azərbaycanın haqlı davasına dəstək verən fərqli partiyaların nümayəndələri də səfərdə onu müşayiət edir: “Bütün millət vəkillərimizin iştirakı ilə keçiriləcək ictimai iclası Qarabağ işğaldan azad ediləndən sonra Qarabağda edək. TBMM-də olan millət vəkilləri də bu gün burada iştirak etmək istəyirdilər. Sevincimizi olduğu kimi, kədərimizi də paylaşmağa gəldim. Qardaş Azərbaycana yönələn Ermənistan hücumlarını pisləyirəm. Bu hücum nəticəsində şəhid olanlara Allahdan rəhmət diləyirəm. Əziz Azərbaycan xalqına başsağlığına verirəm”.

***

11.12

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Məclisin bu gün keçirilən iclasına qatılıb.

APA-nın məlumatına görə, parlamentin spikeri Sahibə Qafarova deyib ki, Azərbaycan və Türkiyə qanı-canı bir olan qardaş dövlətlərdir: “Bizim dostluğumuz və qardaşlığımız əbədi və sarsılmazdır”.

O bildirib ki, Azərbaycan və Türkiyə həmişə bir-birinə güvənir: “Prezident İlham Əliyevin də dediyi kimi dünyada ikinci belə ölkə yoxdur ki, bir-birinə bu qədər yaxın olsun. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı təxribatı zamanı Türkiyənin göstərdiyi mövqe ilə dünya bu qardaşlığa şahid oldu. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu gün Mustafa Şentopun burada olması da bizim qardaşlığımızın daimi nümunəsidir”.

TBMM sədri hazırda plenar iclasda çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769
avatar

Oxşar yazılar