“Təəssüflər olsun ki, Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri yalan və böhtanı, manipulyasiya edərək tamamilə yanlış bir məlumatı bəyanat kimi yayıblar”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
S.Seyidovun sözlərinə görə, bu, bir daha sübut edir ki, AŞ-ın nümayəndələri ümumiyyətlə, Azərbaycana, müstəqil siyasət aparan dövlətlərə qarşı reallıqdan uzaq və qərəzli mövqedən çıxış edirlər: “Azərbaycanda gedən proseslərin Avropa Şurasında və başqa beynəlxalq təşkilatlarda təhlil edilməsi üçün ən azı həmin məruzəçilər Azərbaycanın həmin təşkilatlardakı nümayəndələri, yaxud ölkədəki müvafiq strukturlarla normal qaydada əməkdaşlıq etməlidirlər. Ancaq bu məruzəçilər nə Azərbaycanın nümayəndə heyəti, nə Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi, nə Azərbaycanda insan haqları üzrə İşçi Qrupunun nümayəndələri, nə də ölkəmizdə bu məsələlərlə məşğul olan strukturlarla əlaqə yaratmayıb, tamamilə yalan, yanlış, həqiqəti əks etdirməyən məlumatlara və bilinməyən mənbələrin müraciətə əsaslanaraq belə bir bəyanat veriblər. Bu bəyanatlar onlar özlərini bir daha ifşa ediblər və ifşa edirlər. Bununla da Avropa Şurasına daha böyük zərbə vururlar”.
REKLAM
Читать дальше
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Azərbaycan heç vaxt bu cür davranışı qəbul etməyib və etməyəcək: “Bununla əlaqədar mən Avropa Şurasının Prezidentinə kəsin məktub göndərmişəm. Bu məktubda tələb etmişəm ki, belə bəyanatlar, addımlar Avropa Şurasının Prezidenti tərəfindən dərhal dayandırılsın, araşdırılsın və təhlil olunsun. Eyni zamanda Azərbaycanla Avropa Şurası arasında münasibətlərə xələl gətirən deputatların nəzərlərinə çatdırılsın ki, onlar bizə qarış yox, Avropanın özünə qarşı işləyirlər. Bu gün Avropada faciə baş verir, Avropa ölkələrində koronavirusla bağlı xalqlar faciə ilə üzləşiblər, bunlar isə öz bildiklərindən əl çəkmək istəmirlər. Bununla da bir daha göstərir ki, onların hansısa insan haqları, insan faciəsi ilə əlaqələri yoxdur, siyasi motiv daşıyan hərəkətlər edirlər. O insanlar heç Azərbaycan daxilində gedən prosesləri dərk edə bilmirlər. Məsələn, Prezident İlham Əliyevin Milli Məclisin ilk iclasında bütün siyasi partiyalara müraciəti, parlamentin rəhbərliyində, vitse-spikerdən tutmuş komitə sədrləri, komitə sədrlərinin müavinləri səviyyəsində təmsil olunması təşəbbüsü olub. Bununla bərabər, koronavirusun yayılmasının qarşısının almaq məqsədi ilə Novruz bayramından sonra məhbuslar buraxılıb. Əfqan Muxtarlı da vaxtından əvvəl azadlığa buraxılıb. Bu və digər müsbət addımları görməyən və qiymətləndirə bilməyən insanlar tamamilə provokativ, yanlış bir məlumata əsasən bəyanatlar verməyə başlayıblar. Xüsusi ilə Tofiq Yaqublu ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma prosesi davam edir. Ancaq buna baxmayaraq, bu xuliqanlıq hadisəsini siyasiləşdirmək və Azərbaycana qarşı bundan istifadə etmək ən azı utanc yaradan bir hərəkətdir. Ona görə də mən bununla bağlı artıq Avropa Şurasının Prezidentinə məktub göndərmişəm”.