Qətiyyət və xalqdan dəstək:  “Biz bir yerdə güclüyük”
17 aprel 2020 12:53 (UTC +04:00)

Qətiyyət və xalqdan dəstək:  “Biz bir yerdə güclüyük”

Bu gün bütün dünya koronavirusla mübarizədədir. Demək olar ki, hər gün dünyanın bu və ya digər ölkəsindən qorxulu rəqəmlər açıqlanır. ABŞ, Almaniya, İtaliya, Fransa, İspaniya kimi azman dövlətlər belə bu fəlakətin qarşısında aciz durumdadır.

 

Bu dəhşətli virus, çox təəssüf ki, Azərbaycandan da yan keçmədi. Amma bununla belə, pandemiyanın zərərlərini minimuma endirmək üçün Azərbaycan hakimiyyəti tərəfindən zamanında əhəmiyyətli və sistemli tədbirlər görüldü. İndi koronavirusla bağlı dünya üzrə rəsmi statistikanı təhlil etsək, Azərbaycanın bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə xeyli dərəcədə fərqli olduğunu görərik.

 

Beynəlxalq mərkəzlərin təhlillərinə inansaq, ölkəmiz üçün kritik dönəm aprelin ilk 20 günü idi. Və bu dövrün bitməsinə 3 gün qalıb. Vəziyyət isə göz qabağındadır; Azərbaycan yoluxmanın sağalmanı üstələdiyi çox az ölkələrdən biridir.

 

Bunun isə bir səbəbi var: Prezident İlham Əliyev təhlükənin miqyasını əvvəldən gördü; dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yarandı, Azərbaycanın sərhədlərində məhdudiyyətlər tətbiq edildi, təhsil müəssisələri məcburi tətilə göndərildi, xüsusi karantin zonaları tez yaradıldı. Prezidentin birbaşa tapşırığı ilə bir neçə müasir xəstəxanada işlər qısa müddətdə tamamlandı, fəaliyyətə başladı, özü şəxsən 570 çarpayılıq “Yeni klinika”nın açılışında iştirak etdi. Metro, kütləvi əyləncə, istirahət və ticarət mərkəzləri bağlandı, ictimai iaşə obyektlərinin fəaliyyətinə fasilə verildi. Xaricdəki Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi həyata keçirildi. Prezident əhaliyə, sahibkarlara, sosial qayğılardan narahat olmamaqla bağlı çağırış etdi, büdcəsindən  külli-miqdarda vəsait ayırdı.

 

Dövlət başçısı bütün bunlarla növbəti dəfə sübut etdi ki, onun üçün ən ümdə amil Azərbaycan insanı, onun sosial qayğıları və müdafiəsidir. Elə Azərbaycan insanı da, dövlətinin və onun başçısının yanında olduğunu, ona dəstəyini ilk gündən nümayiş etdirdi. Dövlətin, dövlət başçısı İlham Əliyevin gördüyü işlərə də ən düzgün qiyməti Azərbaycan insanı verdi. Bunu hər gün Prezidentə ünvanlanan yüzlərlə dəstək məktubundan da bilmək mümkündür. Ölkənin elə bir rayonu, şəhəri yoxdu ki, bu günlərdə oradan Prezidentə məktublar ünvanlanmasın. Həmin məktublardan bir neçəsinə diqqət edək.

 

Mirəsgər Bağırzadə Masallıdan yazır:

 

- Hörmətli cənab Prezident.

Bildiyimiz kimi, koronavirus bəlası tibbin ən inkişaf etmiş ölkələrində belə can almaqda davam edir. Ölkəmizdə isə vəziyyətin Sizin nəzarətinizdə olması virusun sürətlə yayılmasının qarşısını almağa kömək edib.

Respublikamızda vaxtında elan olunmuş karantin rejimi, dezinfeksiya işlərinin aparılması və digər təxirəsalınmaz tədbirlərin görülməsi bir daha onu göstərir ki, Siz həmişə xalqımızı düşünürsünüz. Sizin göstərişinizlə ölkədə tibbi maska çatışmazlığının da qarşısı alındı. Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı oldu və Siz açılışda şəxsən iştirak etdiniz.

Cənab Prezident, görülən işlərə görə Masallı rayonunun təhsil işçiləri, bütün müəllim və şagird kollektivləri adından Sizə təşəkkür edir, minnətdarlığımı bildirirəm.

 

Qabil Bağırov, Salyan:

 

- Koronavirus epidemiyası Azərbaycan sərhədlərini keçən kimi Sizin gördüyünüz qabaqlayıcı tədbirlər, xəstəliyin daha geniş ərazini əhatə etməməsi üçün verdiyiniz tapşırıqlar bu problemi nəzarətdə saxlamağa imkan verdi. Bu tədbirlər Sizin üçün xalqın sağlamlığının hər şeydən üstün olduğunu göstərir. Bununla da Siz bir daha hər bir azərbaycanlının Prezidenti olduğunuzu təsdiq etdiniz.

Müxtəlif sosial təbəqələrdən olan insanlara kömək edilməsi, bu məqsəd uğrunda hamının səfərbər olması Sizin bu gərgin və məsuliyyətli günlərdə söylədiniz “Biz birlikdə güclüyük!” çağırışının sayəsində oldu.



Xaricdə təhsil alan Veysəl Vəliyev isə xüsusi reyslə ölkəmizə gətirilən tələbələrdən biri olduğunu bildirərək ona göstərilən qayğıdan razı qaldığını vurğulayıb:

 

- Çox hörmətli, qayğıkeş Prezidentimiz, hazırda dünya dəhşətli bir bəla ilə üz-üzədir. Azərbaycan bu qlobal problemdən az itki ilə çıxmaq üçün ciddi addımlar atır. Bütün bunlar Sizin həyata keçirdiyiniz səmərəli tədbirlərin nəticəsidir.

Mən, Moskva Dövlət Hüquq Universitetində magistr təhsili alıram və Sizin göstərişinizlə martın 27-də xüsusi reyslə Rusiyadan ölkəmizə gətirilən tələbələrdən biriyəm. Bizi Heydər Əliyev Beynəlxalq Aeroportundan birbaşa Atletlər kəndinə apardılar. Əvvəlcədən burada hər cür şərait yaradılmışdı. Ölkəmizin malik olduğu bu imkanlar məni qürurlandırdı. Çünki böyük dövlətlərin koronavirusa qarşı mübarizədə neçə çarəsiz qaldıqlarını hamı görür. Ancaq xaricdən gələn tələbələrimizə burada göstərilən diqqət və qayğı mükəmməl idi. Səliqə-sahman, vaxtında düzgün qidalanma, müayinə, həkimlərin xüsusi diqqəti məni çox sevindirdi. Karantində 14 gün qaldıqdan sonra evimizə göndərildik. Artıq ailəmə qovuşmuşam.

Cənab Prezident, karantin müddətində mənə göstərilən diqqət və qayğıya görə həm öz adımdan, həm də valideynlərimin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, Azərbaycanımızın Sizin kimi lideri var. Siz hər zaman Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Ona görə də mən bir Azərbaycan gənci olaraq Sizinlə fəxr edirəm. Bir hüquqşünas kimi söz verirəm ki, yürütdüyünüz müstəqil siyasətinizin hər zaman dəstəkçisi olacağam. Tanrı Sizi qorusun".

 

Ucar rayonundan Niyaz Xəlilov isə məktubunda bildirib:

 

- Möhtərəm cənab Prezident.

Dünyanı cənginə almış pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələrin aciz qaldığı, bəzi dövlətlərin bu virusa biganə yanaşdığından çətin vəziyyətə düşdüyü halda, Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanımızda bütün qabaqlayıcı tədbirlər görüldü. Siz Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması istiqamətində qətiyyətli addımlar atır, qərarlar qəbul edirsiniz. İnanırıq ki, bəşəriyyət, xalqımız tezliklə bu bəladan xilas olacaqdır.

Cənab Prezident, Azərbaycan vətəndaşı olmağımızla, Sizin kimi Prezidentimizlə qürur duyuruq. Allah Sizi qorusun".

 

Gəncə şəhərindən Rəşad Əliyev, Nurlana Bəşirova, Akif Salmanov, Telman Quliyev və başqaları Prezidentə və dövlətə güvəndiklərini vurğulayıblar:

 

- Çox hörmətli cənab Prezident,

Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində atdığınız addımlar və verdiyiniz Sərəncamlar vətəndaşlar tərəfindən böyük rəğbətlə və alqışla qarşılanır. Bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Biz Sizə və dövlətimizə hər zaman güvənmişik. Pandemiya dövründə də belə oldu. Çox sağ olun ki, Sizə bəslənən ümidləri və güvəni hər zaman doğruldur, xalqımıza ruh yüksəkliyi bəxş edirsiniz.

Ulu Tanrı hər zaman dayağınız olsun, cənab Prezident".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2078
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar