Bugünlərdə paytaxtın Xətai rayonunda şəhid ailələrinə, müharibədə sağlamlığını itirmiş vətəndaşlarımıza dövlət hesabına mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirildi. Həm belə bir mərasimin keçirilməsi (özü də, düşmənin Tovuza yeni həmləsi yatırldıqdan həmən sonra keçirilməsi), həm də, ali dövlət rəhbərliyinin iştirakı baxımından özünə diqqət tələb edən tədbir, özəlliklə, cənab Prezidentin nitqindəki ismarınclarla geniş rezonans doğurdu. Baxmayaraq ki, üstündən bir neçə gün keçib və bu günlər içində xeyli fərqli hadisələr olub, həmin mərasimdə Prezidentin verdiyi ismarınclar haqlı olaraq, yenə gündəmdədir. Mən həmin mərasimdə deyilən tarixi sözlərin qardaş Türkiyənin nüfuzlu KİV-lərində də tirajlandığını, politoloqların, konfliktoloqların, hərbi eskpertlərin cənab Prezidentin çıxışna istinad etdiyini gördüm. “Gəl, bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq”… Dövlət başçısının işğalçı dövlətə bu açıq çağırışı haqlı olaraq, tirajlanmaqdadır.
Əlbəttə, cənab İlham Əliyevin nitqi siyasi önəmi ilə yanaşı, sosial-iqtisadi faktlar və yanaşmalar baxımından da çox önəmlidir.
Əgər bir neçə başlıqla yaxud tezislər şəklində qruplaşdırsaq, nələri xüsusi qeyd edə, fərqləndirə bilərik?
1) Şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş vətəndaşlarımızın problemləri dövlətin, şəxsən dövlət başçısının diqqət mərkəzindədir. Son illər içində bu yöndə çox iş görülüb: 8 mindən çox şəhid ailəsi, müharibədə sağlamlığını itirmiş veteranlar mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilib. Verilən mənzillər yüksək keyfiyyətli yeni yaşayış evlərində yerləşir;
2) Sosial xərclərin içində şəhid ailələrini, müharibədə sağlamlığını itirmiş vətəndaşlarımızı, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur;
3) 2020-ci ildə 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib; başqa bir özəl şirkət “Paşa Holdinq” tərəfindən Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 böyük yaşayış kompleksi inşa edilib.
4) Bunlar, həm ölkəmizdə vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürü, həm də, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir;
5) Sosial sahədə çox böyük işlər görülür. Keçən il şəhid ailələrinin müavinəti 20 faiz artırılıb, 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz, bəzi müavinətlər isə 100 faiz artırılıb;
6) Bu il pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Bu il 90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcək;
7) Pandemiya dönəmində əhalinin sağlamlığının lazımınca təmini üçün yeni modul tipli xəstəxanalar tikilir. Xəstələr dərmanlarla təchiz edilir;
8)Pandemiya dövründə dünyada böhran davam edir. Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. İqtisadiyyatımızda çox önəmli yerə sahib olan neftin qiyməti dünya bazarında bir neçə dəfə aşağı düşüb, gəlirlərimiz azalıb, lakin dövlətimiz heç bir sosial layihəni ixtisar etməyib, təxirə salmayıb.
Əlbəttə, cənab Prezidentin nitqinin önəmli bölümü öncəbhədə yaşananlara həsr edildi. “Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Prezident hər gün minlərlə məktub alır, vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, orduda xidmət etmək istəyirlər. Birinci gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdisə, Prezidentin çağırışından bir həftə keçməmiş əlli minə yaxın insan yazılıb.
…Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq”. Bu sözlər dövlət başçımızın nitqindəndir. Mən bir neçə ildir beynəlxalq qurumlarda təmsil olunan bir Millət vəkili olaraq, bugünlərdə heç vaxt olmadığı qədər güclü beynəlxalq dəstək gördüyümüzü qürur hissi ilə qeyd etməliyəm. Cənab Prezidentin dediyi kimi, “ilk dəstək Türkiyədən gəldi. Türkiyənin Prezidenti, Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstəriblər”. Beynəlxalq qurumlar qurucu-üzv olduğumuz Türk Dövlətlərinin Əməkdaşlıq Şurası, TürkPA, GUAM Azərbaycana dəstək Bəyanatı verdi; BMT-dən sonrakı ən böyük beynəlxalq təşkilat 120 üzvlü Qoşulmama Hərəkatı, 57 üzvlü İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı dəstək oldu. Pakistan, Ukrayna, Bosniya-Hersoqovinanın ölkəmizə dəstəyini minnətdarlıqla qeyd edirik.
Ermənistansa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) ümid bəsləyirdi, amma Azərbaycanı qınayan Bəyanata nail ola bilmədi, “heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi”.
Doğrusu, belə bir yazı üçün ən yaxşı ümumiləşdirmə də yenə cənab Prezidentin nitqindədir: “Bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq”.
Dövlətimiz var olsun!
Qənirə PAŞAYEVA, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri