Prezidentdən “Fiqaro”ya TUTARLI CAVAB
24 oktyabr 2020 17:54 (UTC +04:00)

Prezidentdən “Fiqaro”ya TUTARLI CAVAB

“Biz Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçib. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olub”. 
Bunu Prezident İlham Əliyev Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib. Prezident sentyabrın 27-dən, hərbi əməliyyatlar başlayandan  müxtəlif ölkələrin müxtəlif telekanallarına və informasiya agentliklərinə müsahibələr verib. Prezidentin bu qəzetə verdiyi müsahibə savaş başlayandan bəri verdiyi  müsahibələrdən onunla fərqlənir ki, “Le Figaro” Fransada ictimai rəyə təsir etmək gücündə olan bir nəşrdir, Fransanın bu münaqişəyə dair mövqeyi isə məlumdur. Bəlkə elə ona görədir ki, jurnalistin sualları sualdan daha çox qərəz səciyyəli idi. Heç kimə sirr deyil ki, “Le Figaro” Fransanın mühafizəkar cərəyanına yaxın bir mətbu orqandır, gündə 100-150 milyon oxucu tərəfindən saytına giriş olması barədə məlumatlar var. 

Politoloq Nəzakət Məmmədovanın dediyinə görə, Prezident İlham Əliyev Azərbaycanın mövqeyini çox doğru, aydın şəkildə əsaslandırdı və ermənilərə yaxın Fransa cəmiyyətinə özlərinin nüfuzlu mətbuat orqanları vasitəsilə Azərbaycanın haqlı mövqeyini çatdırdı. 

“Bu, xüsusilə vacib idi, çünki münaqişə başlayandan bəri qəzetdə Azərbaycan və Türkiyənin əleyhinə Ermənistanı dəstəkləməyə çağırış edən yazılar dərc olunmuşdu. Tarixçi Jan Fransua Kolozimonun yazısı bunlardan biridir. İlham Əliyevin müsahibəsi Fransa mətbuatında tirajlanan ermənipərəst yazılar fonunda parlaq bir nitq kimi  bütün bunları kölgədə qoydu. Məsələn, jurnalist hərbi əməliyyatlara guya Azərbaycanın başladığını sual deyil, qərəzli şəkildə qoyur və "Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?" deyə soruşur. Prezident isə cavabında hücum edən tərəfin Ermənistan olduğunu, bu hücumun son aylarda ilk belə hücum olmadığını, yeni əraziləri işğal etmək istəyərək, bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək, Cənub Qaz Dəhlizi kimi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi üçün vacib olan bir layihəyə təhdid yaradaraq, bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək olduğunu bildirdi”.
Politoloqun fikrincə, avqust ayında da Ermənistan Azərbaycan ərazisinə diversiya qrupu göndərməyə cəhd etmişdir ki, Prezident onların məqsədinin danışıqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən bir cəhd olduğunu diqqətə çatdırıb. 

“Nəhayət, sentyabrın 27-də olan  üçüncü böyük hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, İlham Əliyevin fikrincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi.

“Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik” deyə Prezident beynəlxalq media qurumu oxucularının diqqətinə çatdırıb. Hərbi əməliyyatların uğurlu geosiyasi nəticələrinə toxunan Prezident "biz artıq İranla beynəlxalq sərhədimizi bərpa etmişik. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal atlında idi. Beləliklə biz döyüş meydanında çoxlu işlər görmüşük və bu, davam edir" deyərək, Ermənistanın atəşkəsi iki dəfə pozduğunu bildirir, birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atdıqlarını, ikinci dəfə bunu oktyabrın 17-də etdiklərini vurğulamış, belə olmasaydı bu gün toqquşmaların dayana biləcəyini, siyasi həllə üstünlük verilmiş olacağını deyir. Buna cavab olaraq isə jurnalist yenə də sual vermək əvəzinə, yenidən belə bir cəfəng iddia irəli sürür ki, "Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər". İlham Əliyevin cavabı yenə də məntiqli və əsaslıdır. Prezident bunun qarşılığında bildirib ki, bu, feyk xəbərdir. "Türkiyənin F-16 qırıcı təyyarələri ona görə buradadırlar ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, onlar səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi dağa çırpılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar”. 
Xanım politoloq deyir ki, bu, münaqişənin ilk günlərində, sentyabrda baş verib. “Amma onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum ediblər. Bu, birincisi. İkincisi, ballistik raket Ermənistanın ərazisindən buraxılmışdır və böyük ölkələr buna asanlıqla ayırd edə bilərlər. Onlar raketin haradan buraxıldığını və raketin hədəfinin nədən ibarət olduğunu bilirlər". 

Prezidentin Dağlıq Qarabağın Azərbaycan tərkibində gələcək inkişaf perspektivləri, ermənilər və azərbaycanlılar arasında işğaldan azad olunmuş bölgədə icmalararası münasibətlərin gələcəyi, Türkiyənin münaqişədəki mövqeyinə dair suallara da cavabı mükəmməl, əsl sivilizasiyalı düşüncəyə malik ölkə başçısının yanaşması, dünyanın nüfuzlu liderinə yaraşan təmkin, dünyagörüşü və ləyaqətli mövqeyini bir daha ortaya qoydu.

 Politoloqun fikrincə, İlham Əliyevin bu əhatəli, olduqca maraqlı müsahibəsindən sonra regionda marağı olan böyük güclərin liderləri və sıravi Avropa vətəndaşları və ümumiyyətlə hər kəs erməni diasporasının yalançı təbliğat maşınının uydrduğu barbar Azərbaycan obrazını yox, Prezidentin simasında sivil, mədəni, alicənab və ləyaqətli bir Azərbaycan obrazını yaddaşlarına və vicdanlarına həkk etmək şansı əldə edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1261
avatar

Oxşar yazılar