Prezident sərt danışdı: “Bəzi diplomatlar dövlətə xəyanət, satqınlıq ediblər və bunu gizlətmirlər”
16 iyul 2020 16:28 (UTC +04:00)

Prezident sərt danışdı: “Bəzi diplomatlar dövlətə xəyanət, satqınlıq ediblər və bunu gizlətmirlər”

“Xarici kütləvi informasiya vasitələri ilə sıx təmaslar olmalıdır. Azərbaycan haqqında bəzi hallarda gedən yanlış məlumata dərhal adekvat reaksiya verilməlidir, formal yox. Çünki bir çox hallarda biz bunu görmürük”.

APA-nın məlumatına görə,  bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

İlham Əliyev bildirib ki, ölkəmiz haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələr əgər mən müdaxilə etməsəm təkzib olunmur: “Ya bu işlə məşğul olmaq istəmirlər, ya başqa göstərişlər alırlar. Bu gün sirr deyil ki, Azərbaycana qarşı təşkil edilmiş və koordinasiya olunmuş çirkin kampaniya aparılır. Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, bu kampaniyanın mənbəyi və səbəbi nədir. Bir çox səbəblər var, onların arasında bizim milli maraqlara söykənən müstəqil siyasətimizdir və özümüzü ləyaqətli aparmağımızdır. Bəs bu kampaniyaya adekvat cavab verilir, yoxsa yox? Verilmir”.

Prezident bildirib ki, xaricdə bəzi anti-Azərbaycan ünsürlər öz fəaliyyətində, öz çirkin əməllərində, bəyanatlarında yaşadıqları ölkələrin qanunlarını kobudcasına pozurlar, terrora çağırışlar edirlər, konstitusiya quruluşunun dəyişdirilməsinə çalışırlar. Bütün bunlar nəinki Azərbaycanın, bir çox ölkələrin qanunvericiliyində, o cümlədən cinayət məcəlləsində təsbit edilmiş məsələlərdir və ona görə bu cinayəti törətmiş insanlar cinayət məsuliyyətinə cəlb edilməlidir. “Amma bizim xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər bu məsələyə diqqət yetirirlər? Deyə bilərəm ki, yox. Baş qoşmaq, heç kimlə pis olmaq istəmirlər. Bəzi hallarda fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın maraqlarını yox, özlərini həmin ölkələrin yüksək vəzifəli nümayəndələrinə yaxşı tərəfdən göstərmək üçün o ölkələrin maraqlarını müdafiə edirlər.

Mən bir daha demək istəyirəm ki, biz bütün ölkələrlə normal dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşmasında əməli addımlar atırıq. Amma bu, o demək deyil ki, öz ölkənin, öz xalqının maraqları kənarda qalsın. Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik. Bir daha demək istəyirəm ki, bu, o ölkələrin riyakarlığını göstərir. Çünki mən bu haqda dəfələrlə demişəm. Bir tərəfdən bizə dostluq siqnalları göndərilir, üzdə tərəfdaşlıq haqqında sözlər deyilir, amma, əslində, bizə qarşı kampaniya aparılır. Bunun da məqsədi Azərbaycanı zəiflətmək, Azərbaycanı sarsıtmaq, Azərbaycanı ləkələmək, Azərbaycan rəhbərləri haqqında olmayan yalanları yaymaqdır. Ancaq həyat artıq göstərir ki, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan xalqı hər şeyi yaxşı bilir. Bilir ki, bu gün bizim fəaliyyətimizdə Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Çox güman ki, məhz buna görə bizə qarşı bəzi hallarda belə çirkin üsullardan istifadə edilir. Bilirsiniz, müxtəlif vaxtlarda bu üsulların məzmunu və formaları dəyişirdi. Vaxtilə dırnaqarası “müstəqil” qeyri-hökumət təşkilatları vasitəsilə bizə hücumlar edilirdi. Halbuki hər kəs yaxşı bilir ki, bu qeyri-hökumət təşkilatları hansı mənbələrdən maliyyələşir - böyük dövlətlərin xarici siyasət orqanları tərəfindən maliyyələşir. Bir müddət xarici ölkələrin kütləvi informasiya vasitələri bizə qarşı çirkin kampaniya aparırdı - həm elektron, həm yazılı kütləvi informasiya vasitələri. Biz bu kütləvi informasiya vasitələrinin hansı mənbələrdən maliyyələşdiyini də bilirik. Bunun heç bir faydası olmadı, əksinə, Azərbaycan ictimaiyyəti çox yaxşı dərk edirdi, başa düşürdü ki, bunun məqsədi nədir - Azərbaycanı zəiflətmək, Azərbaycanda xaos yaratmaq, Azərbaycanı 1990-cı illərin əvvəllərinə qaytarmaq və ondan sonra bu imkanlardan istifadə edib öz maraqlarını təmin etmək. Bu keçməyəndə isə növbəti çirkin üsullara əl atıldı. Özlərini azərbaycanlı kimi təqdim etməyə çalışan, ancaq mənəvi cəhətdən eybəcərliyin rəmzinə çevrilmiş antimilli ünsürlər indi xarici xüsusi xidmət orqanlarının rəhbərliyi altında Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Bu, düşünülmüş siyasətdir və əslində, bu siyasətin məqsədi Azərbaycan xalqının əsrlərboyu qoruduğu milli dəyərləri sarsıtmaqdır, bizim mənəvi sütunlarımızı dağıtmaqdır. Çünki Azərbaycan xalqının mentaliteti bunu inkar edir. Heç vaxt bizim tariximizdə belə çirkin üsullardan, yalanlardan, böhtanlardan istifadə edilmirdi. Bu, bizə xaricdən idxal edilir. Ona görə bizim diplomatlarımız buna qarşı fəaliyyət göstərməlidirlər. Yoxsa ki, “dəymə mənə, dəyməyim sənə” prinsipi ilə işləmək olmaz. Əfsuslar olsun ki, bizim Xarici İşlər Nazirliyində son vaxtlar bu prinsip əsas rol oynayır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10141
avatar

Oxşar yazılar