Prezident koronavirus təhlükəsi və görülən tədbirlərlə bağlı xalqa müraciət etdi
06 aprel 2020 16:08 (UTC +04:00)

Prezident koronavirus təhlükəsi və görülən tədbirlərlə bağlı xalqa müraciət etdi

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə deyilir: “Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək.

Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq.

Eyni zamanda, bu gün Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Bu da qısa müddət ərzində ərsəyə gəlmiş bir məsələdir. Amma burada üstünlüyümüz ondan ibarət idi ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanmışdır və artıq satışa verilir. Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər. Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir – tibbi maskalar və dezinfeksiya vasitələri.

İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək.

Tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı bir daha onu göstərir ki, Azərbaycanda yaradılmış infrastruktur imkan verir, biz qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək. Təsadüfi deyil ki, bu istehsal müəssisəsi Sumqayıtda yerləşən Kimya Sənaye Parkının ərazisində təşkil edilib. Bu park mənim təşəbbüsümlə yaradılıb və artıq burada bir çox müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr bizim qeyri-neft iqtisadiyyatımıza da böyük töhfə verir. Eyni zamanda, mövcud kadr potensialı, sahibkarlar sinfinin inkişafı, dövlət və özəl sektorun tərəfdaşlığı, daim dövlət tərəfindən özəl sektora göstərilən dəstək – həm siyasi, həm maddi dəstək, güzəştli kreditlərin verilməsi, bütün bu amillər, yeni vəziyyətə gətirib çıxardı ki, biz vətəndaşlara lazım olan vasitələri qısa müddət ərzində operativ şəkildə istehsal edək və bazara təqdim edək. Mən onu bir daha qeyd etmək istəyirəm ki, hətta inkişaf etmiş ölkələrdə bu gün maska qıtlığı var. Bizdə alınmış yeni avadanlıq, - bu avadanlığın ikinci xəttinin də gətirilməsi nəzərdə tutulur, - imkan verir ki, avtomatlaşdırılmış rejimdə böyük həcmdə, böyük sayda maskalar istehsal olunsun.

Ona görə bugünkü tədbir xüsusi əhəmiyyət daşıyır. Mən son illər ərzində yüzlərlə, bəlkə də mindən çox sənaye müəssisəsinin açılışında iştirak etmişəm, ancaq bu istehsalat sahəsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün Azərbaycanda istehsal olunan tibbi maskalar və dezinfeksiya vasitələri insanlarımızı qoruyacaq. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür.

Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Bu, bizim üçün də bir dərs olmalıdır. Ona görə Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə bu addımların atılması bir məqsədi güdürdü ki, biz insanların həyatını, sağlamlığını qoruyaq və bu xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verməyək. Bu günə qədər görülmüş bütün tədbirlər öz səmərəsini verdi. Bircə onu demək kifayətdir ki, Azərbaycanda bu günə qədər 45 min test keçirilib. İndi müxtəlif internet resurslarında bütün ölkələrdə həm xəstələrin sayı, həm ölüm hallarının sayı, eyni zamanda, keçirilmiş testlərin sayı göstərilir. Hər bir insan o saytlara girib baxa bilər, Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, bu qədər test keçirib. Bu, bizə imkan verdi ki, xəstəliyi müəyyən edək, xəstə insanlara operativ tibbi xidmət göstərək və eyni zamanda, özümüzü böyük bəladan qoruya bilək. Bu günə qədər biz buna müvəffəq olmuşuq. Eyni zamanda, operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun addımların atılması öz səmərəsini göstərmişdir. Aprelin 5-dən qüvvəyə minmiş yeni karantin qaydalarının bir məqsədi var ki, bu xəstəlik Azərbaycanda geniş yayılmasın. Aprelin 5-nə qədər vaxtaşırı qəbul edilmiş qərarlar və yeni qaydalar bu məqsədi daşıyır. Mən dəfələrlə bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik. Amma indiki şəraitdə aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə alaraq vətəndaşlar nizam-intizam nümayiş etdirməlidirlər. Çünki bu qaydaları pozanlara qarşı ciddi tədbirlər nəzərdə tutulur və bu tədbirlər artıq təsbit edilib. Əminəm ki, vətəndaşlar bu qaydalara tam əməl edəcəklər və beləliklə, xəstəlik geniş vüsət almayacaq, biz bu vəziyyətdən az itkilərlə çıxa biləcəyik.

Eyni zamanda, onu da bildirməliyəm ki, hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların arasında bizim ən müasir xəstəxanamız – “Yeni klinika” da var. Bu klinika bu yaxınlarda - martın sonunda açılmışdır, orada 575 çarpayı nəzərdə tutulur. Nəzərə alsaq ki, klinika vaxtından əvvəl istifadəyə verilib, orada xəstələri qəbuletmə imkanları tədricən artacaq - ilkin mərhələdə 100 xəstə, sonra 300 və ondan sonra tam fəaliyyətə başlayacaq. Həmçinin bu il martın əvvəlində mənim iştirakımla bölgələrdə açılmış xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verildi. Qazax, Goranboy və Şəmkir şəhərlərində yerləşən ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Bu üç xəstəxanada çarpayıların sayı təqribən 500 ətrafındadır. Beləliklə, cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verildi və orada koronavirus xəstələri müalicə alırlar.

Azərbaycan dövlətinin və sahibkarların operativ fəaliyyətini nəzərə alaraq, onu da bildirməliyəm ki, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Bu xəstəxanalar yeni texnologiyalar əsasında inşa ediləcəkdir. Bu texnologiyalar imkan verir ki, qısa müddətdə, bəlkə də üç həftə, bir ay ərzində xəstəxana tamamilə yenidən qurulsun, - yığma texnologiyalar prinsipi əsasında qurulacaq, - bütün lazımi avadanlıqla təchiz edilsin. Hər bir xəstəxananın çarpayı sayı 200-dür. Belə xəstəxanaların ölkəmizdə qısa müddətdə qurulması əlbəttə ki, bu mübarizədə bizə əlavə imkan verəcəkdir. Mübarizədə əsas məsələlərdən biri vaxt məsələsidir. Biz vaxtı nə qədər daraltsaq, nə qədər az vaxt çərçivəsində işləri görsək, xəstəliyə qarşı mübarizədə o qədər uğur qazana bilərik. Ona görə vaxt amili və əlbəttə, həkimlərin peşəkarlığı, bizim imkanlarımız, bütün bu amillərin vəhdəti bu gün imkan verir ki, Azərbaycan hələ də az itkilərlə bu vəziyyətdən çıxır. Ancaq əlbəttə, işlərin gələcək inkişafı göstərəcək ki, bizim sonrakı addımlarımız nədən ibarət olacaq. Hər halda bu ciddi karantin rejimi ayın 20-nə qədər qüvvədə qalacaq. Ondan sonra biz addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq.

Onu da bildirməliyəm ki, xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlar nəticəsində böyük nailiyyətlər əldə edilib. Bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib. Hazırda karantində qalan vətəndaşların sayı 4500-dür. Karantin üçün ən məqbul yerlər müəyyən edilib. Karantin rejimində olan ən çox insanların məkanı Atletlər kəndidir. Orada hazırda təqribən 1300 insan yerləşdirilib. Karantində olan vətəndaşlar, eyni zamanda, Bakı şəhərində və bölgələrdə 4-5 ulduzlu otellərdə, istirahət zonalarında, bəzi dövlət qurumlarının istirahət mərkəzlərində yerləşdirilir. Onlara gündəlik yemək verilir, onlar tibbi müayinədən keçirlər. Onların mütləq əksəriyyəti yaradılmış vəziyyətdən çox razıdırlar, dövlətə və həkimlərə minnətdarlıqlarını bildirirlər.

Bir sözlə, Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik. Operativ tədbirlər nəticəsində imkan vermədik ki, bu bəla ölkədə geniş vüsət alsın. Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə onu edib. Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər qüvvədədir. İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik.

Onu da bildirməliyəm ki, koronavirus xəstəliyi dünya iqtisadiyyatına böyük problem yaratdı, bunu artıq dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri qeyd edirlər. O cümlədən Beynəlxalq Valyuta Fondu artıq qeyd edib ki, koronavirusun yaradacağı böhran 2008-2009-cu illərin böhranından daha ağır olacaq.

Azərbaycana gəldikdə, - üstəgəl neftin qiyməti demək olar ki, iki dəfədən çox düşmüşdür, - koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir, ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınıb. Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Mənə məruzə edilib və göstəriş əsasında Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib. İlkin mərhələdə nəzərdə tutulurdu ki, bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılsın. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.

Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük! Sağ olun”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1796
avatar

Oxşar yazılar