Prezident Fikrət Qocanı yubileyi münasibətilə təbrik etdi
24 avqust 2020 14:34 (UTC +04:00)

Prezident Fikrət Qocanı yubileyi münasibətilə təbrik etdi

Prezident İlham Əliyev Xalq şairi Fikrət Qocaya məktub göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli Fikrət Qoca!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 85 illiyiniz münasibətilə təbrik edir, Sizə cansağlığı və müvəffəqiyyətlər arzulayıram.

Siz Azərbaycan ədəbiyyatının parlaq ənənələrindən və dünya poeziyasının nailiyyətlərindən məharətlə bəhrələnərək özünəməxsus ifadə tərzi və dəst-xəttinizlə xalqımızın söz sənəti xəzinəsinə layiqli töhfələr bəxş etmisiniz. Qüvvətli yenilik hissinin hakim olduğu, lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin poeziyanız ənənə ilə novatorluğun vəhdətinin təcəssümüdür. Dilimizə sevgi və ehtiramla yaratdığınız poetik nümunələrə bəstələnmiş çox sayda mahnılar bu gün də dillər əzbəridir.

Dünyada baş verən hadisələrə həssas şair yanaşmasının ifadəsinə çevrilən yaradıcılığınız daim dərin ictimai məzmun daşımışdır. Azadlıq və istiqlal ideyalarının tərənnümünü həmişə diqqət mərkəzində saxlamağınız, ədəbiyyatımızın yeni nailiyyətlərlə zənginləşməsinə və müasir ədəbi proseslərin azərbaycançılıq məfkurəsi işığında inkişafına yönəlmiş çoxillik səmərəli fəaliyyətiniz təqdirə layiqdir.

Ümidvaram ki, Siz hələ neçə illər bundan sonra da yeni əsərlərinizlə xalqımıza xidmət göstərəcəksiniz”.

***

Avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Xalq şairi Fikrət Qocaya telefonla zəng edib.

APA-nın xəbərinə görə, Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, dövlət başçısı Fikrət Qocanı yubiley münasibətilə təbrik edib, ona yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev Fikrət Qocanın Azərbaycan ədəbiyyatının inkişafındakı xüsusi xidmətlərini qeyd edərək onun əsərlərinin geniş oxucu auditoriyası tərəfindən həmişə böyük maraqla izlənildiyini vurğulayıb. Dövlətimizin başçısı Fikrət Qocanın “İstiqlal” ordeni ilə təltif olunduğunu deyib və bu münasibətlə də təbriklərini çatdırıb.

Xoş sözlərə və təbriklərə görə dərin minnətdarlığını bildirən Fikrət Qoca “İstiqlal” ordeni ilə təltif olunmasını dövlət tərəfindən onun yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirib. Ulu Öndərin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə daim böyük diqqət və qayğı göstərdiyini vurğulayan Fikrət Qoca Ümummilli Liderlə görüşlərini məmnunluq hissi ilə xatırlayıb. Fikrət Qoca bu ənənənin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb və bir daha göstərilən diqqətə görə minnətdarlığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2494
avatar

Oxşar yazılar