44 saylı Sumqayıt-Xızı seçki dairəsində vəziyyət qeyri-müəyyən olaraq qalır.
Lent.az-ın məlumatına görə, keçmiş deputat Hacı Salayevin gözlənilmədən namizədliyini geri götürməsindən sonra bu dairədən deputatlığa namizəd olan xeyli şəxs də eyni addımı atıb. Yurddaş Partiyasının sədri Mais Səfərli, jurnalist Nəsimi Şərəfxanlı və daha bir neçə nəfər də namizədliyini geri götürüb.
Bu gün isə tanınmış yazıçı Varis Yolçuyev eyni addım atıb . Bir qədər əvvəl Fasebook səhifəsində bunları yazan yazıçı namizədliyini geri götürdüyünü bildirib:
“44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyimi geri götürdüm. Bura qədər yanımda olan vəkillərimə, qərargahımızın hər bir üzvünə, könüllülərə, xeyir-dua aldığım ağsaqqallara, mənə səs verəcəklərini bildirən əziz seçicilərə öz sonsuz minnətdarlığımı bildirirəm”.
Əldə etdiyimiz məlumata görə, hazırda şahmatçı Zeynəb Məmmədyarova, vəkil Leyla Bədəlova və yazar Günel Eyvazlı ilə də namizədliklərinin geri götürülməsi üçün danışıq aparılır.