Mahiyyətini dəyişməyən dövlət: Terrorçu, faşist, insanlığa düşmən!
04 iyun 2020 14:15 (UTC +04:00)

Mahiyyətini dəyişməyən dövlət: Terrorçu, faşist, insanlığa düşmən!

 

“İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır”.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev dünən Tərtərdə, Qarabağın necə deyərlər giriş qapısında dedi.

Prezident onu da xüsusi vurğuladı ki, “Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir”.

 

Əslində Ermənistan dünyada bəlkə də yeganə dövlətdir ki, yarandığı gündən öz mahiyyətini dəyişməyib. Hələ ötən əsrin əvvəllərindən Azərbaycan və Türkiyəyə qarşı erməni terrorçuların törətdiyi qətllər barədə bilməyən yoxdur. Təsəvvür edin, 1919-cu ilin oktyabrında “Daşnaksütyun” partiyası İrəvanda keçirdiyi IX qurultayda terror hərəkatına başlamaq haqqında qərar vermişdi. Onların hazırladıqları siyahıya nə az, nə çox Türkiyə və Azərbaycanın 650 dövlət xadiminin və ziyalısının adları salınmışdı. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qrupların məqsədi adları siyahıda olan şəxsləri axtarıb taparaq qətlə yetirmək idi.

Və ermənilər qismən də olsa, istəklərinə nail ola bilmişdilər.



1975-ci ildə yaradılan “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA) adlı təşkilat yaradılması isə onların hansı xilqətə sahib olduğunu bir daha üzə çıxardı.

Həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törədildi, günahsız insanlar erməni terrorizminin qurbanı olmuşdular.


90-cı illərin əvvəllərində isə artıq Qarabağda və Azərbaycanın bir neçə yerində genişmiqyaslı terror aktlarına başlanıldı.

Həmin illərdə Moskva-Bakı sərnişin qatarlarında, Tbilisi-Bakı, Tbilisi-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı marşrutları üzrə avtomobillərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əskəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Bu dövrdə Şuşa-Cəmilli, Şuşa-Mingəçevir, Ağdam-Xocavənd, Ağdam-Qaradağlı və Ağdam-Şuşa, Laçın-Şuşa avtobuslarının erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması və terror aktları nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı.



27 il əvvəl - 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli mülki vertolyot vuruldu, nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər, o cümlədən yüksək vəzifəli şəxs həlak oldu.



Həmin il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşiliklərdə və soyqırım nəticəsində 613 nəfərin qətli isə dünyanı dəhşətə gətirdi.

1994-cü il martın 19-da Bakı metropoliteninin “20 Yanvar” stansiyasında törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak oldu, iyulun 3-də “28 May” və “Gənclik” stansiyaları arasında elektrik qatarında erməni terrorçuları tərəfindən törədilmiş partlayış nəticəsində 13 nəfər həyatını itirdi.



Bu da bir terror statistikası: 1988-1994-cü illərdə, eyni zamanda dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən Azərbaycan ərazilərində ümumilikdə, müxtəlif səpkili 373 terror aktı törədilib, nəticədə 1200 nəfər həlak olub.



Son illərdə Ermənistanın paytaxtında və digər bölgələrində faşist Almaniyasının SS birləşmələrinin generalları - “Njde” ləqəbli Qaregin Ter-Arutyunyan və “Dro” ləqəbli Drasmat Kanayanın heykəllərinin qoyulması da faşizmə olan rəğbətin bariz nümunəsidir. 2016-cı il mayın 28-də Ermənistan rəhbərliyinin bilavasitə iştirakı ilə şəhərin mərkəzində nasist Njdenin heykəli açıldı.

Üçüncü Reyxə xidmətləri ilə fəxr etdiklərini bildirən həmin generallara abidə ucaltmaqla Ermənistan hakimiyyəti anti-semitizm ideologiyasını həyata keçirərək, bu gün də irqçi neonasisit ideologiyanı davam etdirir.




2019-cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini diqqətə çatdıraraq bir daha dünyaya bəyan etdi: “Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib”.



Prezident dünənki çıxışında bir məqamı xüsusi vurğuladı Sitat: “ Onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Kasıb Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşistlərə 6 metrlik abidə ucaldırlar. O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib. O adam ki, müharibə zamanı demişdir: “Almaniya uğrunda ölən, Ermənistan uğrunda da ölür”. O adam ki, Sovet İttifaqının müvafiq orqanları tərəfindən həbs olunub, ona 25 il hökm oxunub, həbsxanada da ölüb və reabilitasiya olunmayıb. O adama 6 metrlik abidə ucaldılır və bugünkü Ermənistan rəhbərliyi bu adamı qəhrəman kimi təqdim edir. Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir”.

Hə, cənab Prezident haqlıdır: dəyişməz qalacaq. Çünki mahiyyətləri belədir: terrorçu, faşist, insanlığa düşmən!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2335
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar