Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qarşıdan gələn Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Məzahir Pənahov Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə edib.
MSK sədri rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman mühüm əhəmiyyət verdiyini və Azərbaycanda keçirilən seçkilərin daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənildiyini vurğulayıb.
MSK-dakı səmimi qəbul üçün təşəkkürlərini bildirən nümayəndə heyətinin üzvləri bir neçə gündən sonra Milli Məclisə keçiriləcək seçkilərlə bağlı son hazırlıq işləri ilə maraqlanıblar. MSK sədri Məzahir Pənahov qonaqların suallarını cavablandıraraq ölkə vətəndaşlarının aktiv və passiv seçki hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılmış addımları diqqətə çatdırıb və bildirib ki, builki seçkilərin də azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb.
Görüş çərçivəsində həmçinin, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.