MM-dən Gəncə ilə bağlı beynəlxalq təşkilatlara və parlamentlərə MÜRACİƏT
12 oktyabr 2020 17:39 (UTC +04:00)

MM-dən Gəncə ilə bağlı beynəlxalq təşkilatlara və parlamentlərə MÜRACİƏT

Milli Məclis Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriya və raket atəşinə tutması ilə əlaqədar bir sıra beynəlxalq təşkilatlara və milli parlamentlərə müraciətlər ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu məqsədlə parlament rəhbərliyinin və dostluq qruplarının adından 54 ölkənin parlamentlərinə 60, həmçinin 11 beynəlxalq təşkilata 21 məktub göndərilib.

Məktublarda qeyd olunur ki, Ermənistan tərəfindən həyata keçirilən bu vandallıq aktı nəticəsində Azərbaycanın 9 mülki vətəndaşı həlak olub, 30-dan çox adam isə yaralanıb.

Gəncə şəhərinin fəal döyüş əməliyyatlarının aparıldığı ərazidən xeyli uzaqda yerləşdiyinin qeyd olunduğu müraciətlərdə xatırladılır ki, oktyabrın 10-da Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin Rusiyanın vasitəçiliyi ilə Moskvada keçirilən görüşündə humanitar atəşkəs barədə razılaşma əldə olunub. Lakin Ermənistan bu razılaşmadan irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina edir və öz təcavüzkar siyasətini daha da genişləndirməyə çalışır.

Məktublarda daha sonra Ermənistanın Gəncə şəhəri ilə yanaşı, sənaye infrastrukturunun, Cənubi Qafqazın ən böyük elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərini və digər yaşayış məntəqələrimizi də ağır artilleriya, həmçinin raket atəşinə tutduğu qeyd olunur.

Müraciətlərdə vurğulanır ki, Ermənistanın mülki əhalini və mülki obyektləri hədəfə alan bu hücumları müharibə cinayətidir və beynəlxalq hüququn, o cümlədən 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyasının və digər beynəlxalq sənədlərin tələblərinin kobud şəkildə pozulması deməkdir.

Məktublarda bu hadisələrə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibətin bildirilməsinə çağırış olunur. Qeyd edilir ki, heç kim mülki əhalinin hədəfə alınmasına yönəlmiş bu cür təcavüz aktlarına biganə qalmamalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646
avatar

Oxşar yazılar