Koronavirus təhlükəsi: Dövlət lazım olan bütün addımları atır - TƏHLİL
04 mart 2020 16:08 (UTC +04:00)

Koronavirus təhlükəsi: Dövlət lazım olan bütün addımları atır - TƏHLİL

Bu gün dünyada “koronavirus panikası” dolaşır. Bu epidemiyanın yayılmasının yaratdığı narahatlıqla əlaqədar bir çox beynəlxalq tədbirlər təxirə salınır, koronavirus təhlükəsi ucbatından bir çox ölkə lideri əhali ilə təmaslarını belə dondurublar.

Lakin dünyanın ən inkişaf etmiş ölkələrinin prezidentləri əhali ilə birbaşa təmasdan imtina etdikləri bir vaxtda, Prezident İlham Əliyev Azərbaycanın bölgələrinə səfər edərək, vətəndaşlarla sıx təmasdadır. Onu da vurğulayaq ki, hazırda koronovirus infeksiyasına yoluxmaq təhlükəsi olmasına baxmayaraq, Prezident İlham Əliyevin  bölgələrə səfərlərini dünya mediası da “prezidentdən nümunəvi addım” kimi dəyərləndirir.

Prezident İlham Əliyevin Goranboy, Şəmkir, Qazax, Ağstafa, Tovuz rayonlarına səfəri və müxtəlif obyektlərin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşünda maraqlı mesajları oldu. Prezidentin addımı bir daha göstərdi ki, ölkənin regionlarındakı vəziyyət, insanların problemlərinin həlli dövlət başçısı üçün prioritet təşkil edir.

Ölkəyə başçılıq etdiyin gündən Prezident İlham Əliyev ən çətin, təhlükəli anlarda xalqın yanında, sadə insanların arasında olub. Azərbaycanda zəlzələ və daşqın olanda, cəbhə bölgəsində hərbi əməliyyatlar gedəndə dövlət başçısı hər hansı təhlükədən çəkinməyərək bilavasitə həmin ərazilərə səfər edib, vəziyyətlə şəxsən tanış olub, insanlarla görüşüb, bütün məsələlərin həlli ilə bağlı göstəriş verib.

Azərbaycan Prezidentinin Goranboy rayon Mərkəzi Xəstəxanasının açılışında iştirakı bir daha göstərir ki, səhiyyə ocaqlarının müasir tibbi avadanlıqlarla təmin edilməsi yalnız  paytaxt Bakıda deyil, bütün bölgələrdə müşahidə edilir. Son 16 ildə Azərbaycanın bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Son 16 ildə Azərbaycanda 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Son illər müayinədən keçən vətəndaşların sayı 5 milyona çatıb.

Ümumiyyətlə, Azərbaycanda səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi gözlənilməz, fors-major hadisələri də nəzərə alır və bu səbəbdən dünyanı qorxudan epidemiyalara qarşı ölkədə ciddi qabaqlayıcı tədbirlər görülür. Prezident Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edərkən Azərbaycanın koronovirus epidemiyasına qarşı mübarizəsindən də danışıb: “Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur. Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda, göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın”.

Dövlət  başçısı bildirib ki, İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir: “Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın. Eyni zamanda, məktəblərin, ali məktəblərin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlər verilib. Bunun da məqsədi uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaqdır. Yəni, bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil. Ancaq deyə bilərəm ki, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb”.

Prezident Əliyevin çıxışından da görünür ki, Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır və ölkədə lazımi tədbirlərin daha sürətlə həyata keçirilməsi üçün dövlət bütün addımları atır.

Burada bir nüansa da nəzər salmaq lazım gəlir. Bu günə olan məlumata görə, Azərbaycanda xəstəliyin yayılması ehtimalı o qədər də yüksək olmasa da, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb, heç bir ölkə yükdaşımalarının həyata keçirilməsinə məhdudiyyət qoymayıb və tranzit potensialının gücləndirilməsini qarşısına məqsəd qoymuş Azərbaycan da analoji mövqe nümayiş etdirir.

Bununla yanaşı, xəstəliyin yayılmaması üçün bütün məsələlər hər bir xırdalığa qədər düşünülür və müvafiq addımlar atılır.  

Digər tərəfdən, Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır, xəstəliyi aşkar etmək üçün testlərin ölkəyə gətirilməsi ilə bağlı müvafiq işlər aparılır. Bir sözlə, Azərbaycanda əhalinin narahatlığı üçün heç bir ciddi əsas yoxdur. Onu da qeyd edək ki, karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb və müayinə başa çatdıqdan sonra onlar gündəlik həyata qayıda biləcəklər.

APA Analytics

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1622
avatar

Oxşar yazılar