İranda parlament seçkiləri: Mühafizəkarların qələbəsi nə vəd edir? - TƏHLİL
27 fevral 2020 11:35 (UTC +04:00)

İranda parlament seçkiləri: Mühafizəkarların qələbəsi nə vəd edir? - TƏHLİL

İran İslam Şurası Məclisinə (Parlament) fevralın 21-də keçirilən yeni seçkilərdə 290 deputat kürsüsünün 223-ə mühafizəkarlar, 16-na islahatçılar, 36-na isə müstəqil namizədlər yiyələnib. 15 kürsü uğrunda seçkilər ikinci tura qalıb.

Məlumata əsasən, müstəqil namizədlərin də əksəriyyəti mühafizəkar yönümlüdür. Bu səbəbdən mühafizəkarlar nəticəni böyük qələbə kimi qeyd edirlər.

Vurğulayaq ki, İran Parlamentinə XI çağırış seçkilərində aktivlik daha əvvəl ölkədə keçirilən bütün seçkilərdən aşağı olub. Rəsmi məlumata görə, seçki hüququ olan vətəndaşların 42.57%-i səsvermədə iştirak edib. İndiyə qədər ən aşağı göstərici VII çağırış seçkilərdə qeydə alınmış, o vaxt seçici fəallığı 51% olmuşdu.

Seçkilər nəticəsində mühafizəkarların parlamentdə qələbə qazanması onu deməyə  əsas verir ki, xarici siyasətdə hakimiyyətin irəli sürdüyü xətt davam etdiriləcək. Lakin Tehrana qarşı tətbiq olunan sanksiyaların genişlənməsi, eyni zamanda koronavirusun yayılması İran iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Bununla belə, İranda parlament seçkilərinin belə nəticələnəcəyi gözlənilən idi. Mühafizəkarların qələbəsi parlament və prezident arasındakı qarşıdurmanı gücləndirə bilər. Əslində, parlament seçkilərində Prezident Ruhani tərəfdarları məğlub oldu. Prezident Həsən Ruhani parlamentdə çoxluq qazanacağına ümid etsə də, gözləntiləri doğrulmadı və islahatçılar ciddi məğlubiyyətə uğradılar.

Mühafizəkarlar üçün isə indiki seçkilərdə qələbə, onların nümayəndəsinin yaxın illərdə İranın siyasi səhnəsində mühüm oyunçuya çevriləcəyi perspektivi anlamına gəlir. Mühafizəkarların qələbəsi İranda dövlətin ən üst məqamında dayanan Ali lider Xameneinin də maraqlarına cavab verir. Son seçkilər Ali liderə Prezident Həsən Ruhaniyə qarşı mübarizəsində əlavə dividentlər qazandırır. Baxmayaraq ki, İranda ölkənin birinci şəxsi Ali liderdir, lakin prezidentin də ciddi səlahiyyətləri var. Prezident hökuməti formalaşdırır, daxili siyasəti, iqtisadiyyatı, xarici siyasəti yürüdür. Təbii ki, İran kimi İslam inqilabı ideyalarına söykənən ölkələrdə xarici siyasət dövlət idarəçiliyinin əsas istiqaməti hesab olunur və bu mövzularda Ali liderin mövqeyi və tövsiyələri hökumət üçün əsas istiqamətverici amildir.

Buna baxmayaraq, prezident də geniş səlahiyyətlərə malikdir. Parlamentin mühafizəkarların təsirinə keçməsi onu deməyə əsas verir ki, Prezident Ruhani bir tərəfdən Ali liderlə, digər tərəfdən isə parlamentlə mübarizədə olacaq. Belə vəziyyət ölkə üçün qaçılmaz böhran da vəd edir. Belə ki, Yaxın Şərqdə uzun illərdir, davam edən müharibələr bölgənin ümumi vəziyyətini ağırlaşdırır. Bu baxımdan, böhranın daha da dərinləşəcəyi ehtimal olunur.

İranın Yaxın Şərqdəki müttəfiqləri Suriya və İraq uzun sürən müharibələr nəticəsində dağılmış durumdadır, üstəlik savaş bütün bölgəni bürüyüb. İranın ərəb dünyası, xüsusən də Körfəz ölkələri ilə münasibətlərində ciddi problemlər yaranıb. Bir tərəfdən də ölkədə iqtisadi vəziyyət ağırdır. Bir sözlə, Prezident Ruhaninin vəziyyəti o qədər də ürəkaçan deyil. Bölgədə anti-Amerika ritorikasının mövcud olduğu bir zamanda İran parlamentində sərt xətt tərəfdarının qələbəsi istər-istəməz Tehran-Vaşinqton münasibətlərinə də təsir göstərəcək. Onu da vurğulamaq lazım gəlir ki, son zamanlar İranın İslam dünyasındakı nüfuzu zəifləyib. Bu baxımdan, yeni parlamentin dəstəyi ilə Ali liderin sərt ritorikası ilə müsəlman dünyasında ciddi nüfuz qazanmaq cəhdinin şahidi ola bilərik.

Qərblə anlaşmaya meylli, güclü diplomatik təcrübəyə malik olan Prezident Həsən Ruhaninin manevr imkanları daralır. Ruhani Qərblə anlaşmaya cəhd edirdi,

Lakin son seçkilər yəqin ki, bu perspektivi də heçə endirəcək. Onu da unutmaq olmaz ki, İrandakı son etirazlarda əsas hədəf kimi məhz Prezident Ruhani seçilmişdi. Ali lider prezidentin islahatçı olması ilə barışmaq istəmir. Məsələ bundadır ki, Xamenei 1989-cu ildə İranın Ali rəhbəri olduqdan sonra bütün prezidentlər - Əli Əkbər Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi, Mahmud Əhmədinejad və Həsən Ruhani onunla müəyyən problemlər yaşayıblar. Bu baxımdan, parlamentdəki qüvvələr nisbəti böyük önəm kəsb edir. Mühafizəkarların qələbəsi onu göstərdi ki, bu qanad indiyə qədər ölkədə böyük gücə sahibdir. Xatırladaq ki, mühafizəkarlar 1980-ci illərdə İran-İraq müharibəsindən sonra iqtisadi güc əldə ediblər. O zaman onların İran iqtisadiyyatına sərmayə qoymasına izn verildi. Mahmud Əhmədinejadın prezidentliyi dövründə isə mühafizəkarlar daha da güclənə bildilər. Bu gün ölkədə kəşfiyyat, maliyyə, polis kimi sahələrdə gündən-günə daha çox rıçaqlar ələ keçirən mühafizəkarlar indi də parlamentdə inamlı qələbə qazandılar.

Nəzərə almaq lazımdır ki, İran hakimiyyəti məhz mühafizəkarlara görə dayanıqlıq göstərə bilib. Tehran dünyanın super gücü olan ABŞ-a 1979-cu ildən müqavimət göstərir. Lakin İran ətrafında həlqə get-gedə daralmaqdadır. İslahatçılar siyasi kataklizmlərdən qaçmaq üçün Qərblə yaxınlaşmaq, mühafizəkarlar isə daha sərt mövqe tərəfdarıdırlar.

Əsas problem ondan ibarətdir ki, Tehran ciddi sanksiyalarla üz-üzədir. Ölkə iqtisadiyyatı sanksiyalardan ciddi zərər görür. Bununla belə, sanksiyalara baxmayaraq, İran öz neftini Hindistan, Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələrə satmağa davam etdirir. İlkin tədbir olaraq yerli hökumət valyuta böhranının qarşısını almaq məqsədi ilə xarici valyutanın verilməsi və dəyişmə kursu ilə bağlı limit tətbiq edib. Hər bir İran vətəndaşına 10.000 ABŞ dollarına qədər xarici valyuta almaq icazəsi verilib. Lakin böhranı aradan qaldırmaq mümkün olmayıb. İqtisadi böhran isə sosial narazılıqları da gücləndirir. İranda mütəmadi etiraz aksiyaları keçirilir. Görünən odur ki, ölkə daxilində hakimiyyətin sadə xalq kütləsinə olan təsir mexanizmləri öz effektivliyini əvvəlki kimi göstərə bilmir. Bunun  nəticəsidir ki, əvvəllər kiçik əyalətlərdə baş verən etiraz dalğaları artıq Tehran, Şiraz, İsfahan kimi iri şəhərlərə də keçir.

Lakin son seçkilər sübuta yetirdi ki, ölkə əhalisinin mühüm hissəsi mövcud siyasi kursun davam etməsində, lakin sosial açılımın olmasında maraqlıdır. İstənilən halda, İran hakimiyyəti bu seçkilərdə zəruri olan dəstəyi qazana bildi. Ehtimal etmək olar ki, Vaşinqton Tehrana qarşı sanksiyaları gücləndirərək, narazılıqları artırmağa çalışacaq, Tehran isə buna kəskin müqavimət göstərəcək.

APA Analytics

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 861
avatar

Oxşar yazılar