İlham Əliyev: “Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək”
03 oktyabr 2020 11:24 (UTC +04:00)

İlham Əliyev: “Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək”


“Son günlərdə neytrallıq mövqeyində müəyyən dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat edir”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə “Bu siyasi dalanda Rusiya vasitəçiliyi Azərbaycan üçün məqbuldurmu” sualına cavabında deyib.  

Prezident İlham Əliyev bildirib ki, Rusiya Amerika Birləşmiş Ştatları və Fransa ilə birlikdə vasitəçi olan ölkələrdən biridir:

“Bu prosesdə iştirak etdiyim 17 il ərzində hər üç ölkə prosesdə eyni dərəcədə iştirak edib. Prosesdə kifayət qədər yüksək səviyyədə koordinasiya var. Əlbəttə ki, Rusiyanın xüsusi mövqeyi var, çünki o, regionda Azərbaycana qonşu ölkədir, onun Ermənistanla dövlət sərhədi yoxdur. Lakin buna baxmayaraq, Rusiya Azərbaycan və Ermənistanla yaxşı münasibətləri və tarixi münasibətləri olan bir ölkədir. Buna görə əlbəttə ki, vasitəçilik etmək üçün onların rolu və bacarığı obyektiv səbəblərə görə regiondan uzaqda yerləşənlərlə və ola bilsin, son onillikdə burada nələrin baş verdiyini tam şəkildə bilməyənlərlə müqayisədə çox yüksəkdir”.

Dövlət başçısı qeyd edib ki, əgər onların hamısı neytrallığı qorusa, üç ölkə birlikdə işləməyi davam etdirməlidir: “Bu, mühümdür. Son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyən dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat edir. Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakin əgər siz belə həssas məsələdə vasitəçisinizsə, bu mövqedən çıxış etməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814
avatar

Oxşar yazılar