Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edib.
APA xəbər verir ki, qonağı salamlayan Prezident İlham Əliyev deyib:
- Salam, xoş gəlmisiniz.
Şərəf Malkoç: Xoş gördük.
Prezident İlham Əliyev: Şadam ki, gəlmisiniz. İndiki şəraitdə sizin Azərbaycanda olmağınızın xüsusi mənası var. Bildiyiniz kimi, Ermənistan Azərbaycana qarşı növbəti təcavüz aktı törədib, növbəti terror aktı törədib. Həm bizim mülki vətəndaşlara, həm də hərbçilərimizə qarşı hərbi cinayət törədib. Bilirəm ki, siz səfər çərçivəsində Gəncə şəhərinə gedəcəksiniz. Orada özünüz görəcəksiniz ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Onlar döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmirlər və çalışırlar ki, bu acı məğlubiyyətin əvəzini dinc insanlardan çıxsınlar. Gəncəyə iki namərd hücum və Gəncə şəhərinin ballistik raketlərlə vurulması hərbi cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək. Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar. Bildiyiniz kimi, çoxlu itkilərimiz var, yaralılarımız var, o cümlədən uşaqlar, qadınlar, qocalar. Bu, bir daha erməni faşizminin yırtıcı mahiyyətini göstərir. Bu, bir daha göstərir ki, biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan, böyük faciədən xilas etmiş oluruq.
Bununla bərabər, bizim bütün cəbhəboyu şəhərlərimiz və kəndlərimiz hər gün atəşə tutulur. Bu gün mənə verilən məlumata görə, səhər saat 6-dan 8-ə qədər təkcə Tərtər rayonuna 190 mərmi düşüb. Ağdam rayonuna 90-dan çox mərmi düşüb. Elə günlər var idi ki, Tərtər rayonuna 2 min mərmi düşüb. Yəni, onlar bizim şəhərlərimizi dağıtmaq istəyirlər, Azərbaycan xalqının iradəsini qırmaq istəyirlər. Ancaq buna nail ola bilmirlər və daha da çox azğınlaşırlar. Biz intiqamımızı döyüş meydanında alırıq. Biz heç zaman mülki əhaliyə qarşı heç bir addım atmamışıq və atmayacağıq. Baxmayaraq ki, onlar bizim qədim tarixi şəhərimizi – Gəncəni atəşə tuturlar, biz nə Ermənistan şəhərlərini, nə də ki, Dağlıq Qarabağda yerləşən şəhərləri atəşə tutmuruq və tutmayacağıq. Bizim üstünlüyümüz, bax, bu mənəvi dəyərlər çərçivəsində də bir daha özünü büruzə verir və bir daha bütün dünyaya göstərir ki, Ermənistan dünya üçün böyük təhlükədir. Ermənistanda hökm sürən kriminal faşist rejimi bölgəmiz üçün ən böyük təhdiddir və Azərbaycan bu təhdidin aradan qaldırılması üçün əlindən gələni edir. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün yeni şəhərləri, kəndləri işğalçılardan azad edirik. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını icra edir.
Sizin bu gün Azərbaycanda olmağınızın çox böyük mənası var. Bildiyiniz kimi, qardaş Türkiyə ilk saatlardan bizə öz dəstəyini göstərmişdir. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan, mənim əziz qardaşım ilk saatlardan bildirmişdir ki, Türkiyə Azərbaycanın yanındadır. Türkiyənin digər yüksək vəzifəli şəxsləri də buna oxşar bəyanatlar vermişlər. Türkiyə xalqı bizə öz dəstəyini göstərir. Türkiyə mətbuatında bu münaqişə geniş işıqlandırılır. Azərbaycanın haqq işi Türkiyə mətbuatı vasitəsilə dünyaya çatdırılır. Bunun da çox böyük önəmi var. Çünki əfsuslar olsun ki, bir çox ölkələrin mətbuatı birtərəfli qaydada Ermənistanın tərəfini tutur. Bu, böyük ədalətsizlikdir. Bu, saxtakarlıqdır. Bu, hadisələrin təhrifi deməkdir. Azərbaycanı işğalçı, yaxud da ki, təcavüzkar dövlət kimi təqdim etmək cəhdləri, əlbəttə, heç bir əsasa malik deyil. Ona görə, Türkiyə mətbuatının ilk günlərdən burada olması və döyüş bölgələrindən reportajların verilməsi dünyada da bu məsələ ilə bağlı düzgün məlumatın olmasına xidmət göstərir.
Bir də ki, biz bu illər ərzində beynəlxalq aləmə sübut edirdik və hesab edirəm, sübut edə bilmişik ki, biz haqlıyıq, biz işğala məruz qalmışıq. Bu gün işğaldan azad edilmiş şəhərlərin, kəndlərin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik. O şəhərlərdə, o kəndlərdə, onların böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb. Füzuli şəhərini tamamilə dağıdıblar. Bir salamat bina tapa bilmədik ki, orada Azərbaycan bayrağını qaldıraq və nəhayət, bu mərasim də keçirildi. Bütün kəndlərimizin binaları dağıdılıb, məscidlərimiz dağıdılıb. Dünən internetdə Zəngilanın bir kəndində dağılmış məscidin görüntülərini bütün dünya gördü. O məsciddə donuzlar saxlayıblar. Bizim məscidlərimizi təhqir ediblər. Bizim bütün tarixi abidələrimizi dağıdıblar. Evlərdən demək olar ki, yalnız daşlar qalıb. Bütün dam örtükləri, pəncərələr, əşyalar talan edilib.
Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində xaricdən gələn dəstək hesabına onlar bizim torpaqlarımızı zəbt ediblər. İndi də, indiki şəraitdə də biz görürük ki, onlara xaricdən yardım edilir. Oraya muzdlular, pullu əsgərlər göndərilir. Oraya böyük silahlar göndərilir. Buna baxmayaraq, biz bu çirkin rejimin belini qırırıq, qıracağıq. Haqq işimizi davam etdiririk, Türkiyə kimi qardaş ölkə yanımızdadır, hər zaman birlikdəyik. Bir daha sizə təşəkkür edirəm, xoş gəlmisiniz.
***
Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç deyib:
- Xoş gördük, cənab Prezident. Çox sıx iş qrafikinizdə vaxt ayırıb bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik, sağ olun.
Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Bütün danışıqlara baxmayaraq, 30 il boyunca irəliləyiş olmadı. Ona görə Sizin bu gün apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq mübarizəsidir, insan haqları sahəsində bir mübarizədir - öz vətəninizdən işğalçıları qovmaq. Bu, beynəlxalq hüququn da, insan vicdanının da, insan əxlaqının da ən təbii və doğru haqqıdır. Siz bunu qeyri-adi dərəcədə gözəl həyata keçirirsiniz.
Sizin hər axşam neçə kəndin, neçə şəhərin işğaldan azad edildiyi barədə açıqlamalarınız bütün Türkiyədə insanların könlünə fərəh, sevinc gətirir.
Biz Türkiyə Ombudsmanı olaraq, eyni zamanda, İslam Ölkələri Ombudsmanları Assosiasiyasına sədrlik edirik.
***
10:16
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edib.
APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.