Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:
- Sizi görməyimə çox şadam. Bir daha xoş gəlmisiniz. Mən bizim ötən il sonuncu görüşümüzü xatırlayıram. Bizim əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı imkanımız oldu. Mən, həmçinin bildirmək istərdim və çox şadam ki, NATO və Rusiya hərbi komandanları arasında görüşlərin Bakıda keçirilməsi artıq bir ənənədir. Biz görüş yeri kimi Azərbaycanı seçdiklərinə görə NATO və Rusiyaya çox minnətdarıq. Düşünürəm ki, bu, çox doğru seçimdir. Eyni zamanda, bunu bizə olan etimadın, hörmətin əlaməti hesab edirik. Çünki istənilən başqa bir ölkə seçilə bilərdi. Lakin Bakının seçilməsi o deməkdir ki, bizim həqiqətən də çox güclü tərəfdaşlığımız var. Mən əminəm ki, sizin bu gün həmkarınızla keçirəcəyiniz görüş çox səmərəli olacaq, dünyada və regionumuzda sülh və sabitliyə xidmət edəcək. Əslində bizim də məhz buna ehtiyacımız var. Çünki ölkəmiz üçün əsas narahatlıq doğuran regional sabitlikdir. Bizdə potensial risklərin daxili mənbələri mövcud deyil. Ona görə də baş verə biləcək potensial risklər sərhədlərimizdən kənarda yarana bilər. Əlbəttə, bu mütəmadi görüşlər, əminəm ki, çox mühüm məsələlərin müzakirəsi dünyada və regionda sabitliyə yardımçı olacaq.
İkitərəfli əlaqələrimizə gəldikdə, demək istərdim ki, biz əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Mən dəfələrlə NATO-nun qərargahında olmuşam, müxtəlif baş katiblərlə görüşmüşəm. Mənim baş katib Stoltenberqlə sonuncu görüşüm çox səmərəli, uğurlu oldu. Mənim, həmçinin Şimali Atlantika Şurasında çıxış etmək imkanım oldu. Sonra söz verilən səfirlərin, çıxış edənlərin hamısı Azərbaycan haqqında, siyasətimiz, müstəqil siyasətimiz, həyata keçirdiyimiz islahatlar və tərəfdaşlığımız haqqında çox müsbət danışdılar. Çünki bildiyiniz kimi, Azərbaycan əvvəldən Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edib. Artıq demək olar ki, 20 ildir bizim orada hərbçilərimiz var və biz hərbçilərin sayını artırmışıq. Biz çox mühüm nəqliyyat və logistika dəstəyi, hava məkanımızdan uçuş imkanını, həmçinin nəqliyyat şəbəkəmizdən, xüsusilə yaxın zamanlarda açılmış və yüklərin daşınması üçün mühüm vasitə olan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə imkanını təmin edirik.
Mən, həmçinin sizi məlumatlandırmaq istərdim ki, biz artıq Əfqanıstandan mülki yüklərin tranzit daşınmasına başlamışıq. Bununla da bu ölkənin Avropa bazarlarına yol tapmasına kömək edirik. Biz artıq dəmir yolumuzu Əfqanıstandan keçən Lapis Lazuli dəmir yolu ilə birləşdirmişik. Biz, həmçinin Əfqanıstana texniki və maliyyə dəstəyi göstəririk. Bizim mühüm nailiyyətlərimizdən biri olan “ASAN” ictimai xidmətlər mərkəzi artıq Əfqanıstanda fəaliyyət göstərməyə başlayıb. Bu, çox səmərəli, müasir sistemdir, demək olar ki, 300 ictimai xidmət bir yerdə cəmləşib. Əfqanıstan Prezidenti burada olanda bu sistemlə tanış oldu və bizdən onu orada yaratmağa kömək göstərməyimizi xahiş etdi və biz bunu etdik.
Biz mülki dəstəyimizi, NATO ilə tərəfdaşlığımızı davam etdirəcəyik. Mənim köməkçim Hikmət bu yaxınlarda NATO-nun qərargahında olub. O, mənə məlumat verdi ki, səfər çox uğurlu keçib. Onun görüşdüyü səfirlərin hamısı ölkəmiz barəsində çox xoş sözlər deyiblər və Azərbaycanı etibarlı tərəfdaş hesab edirlər, həmçinin bizim Əfqanıstandakı sülhyaratma əməliyyatlarına töhfəmiz və gələcək tərəfdaşlıq barəsində danışıblar.
Beləliklə, sizi bu barədə məlumatlandırmaq və bir daha “Xoş gəlmisiniz!” demək istərdim. Bugünkü görüşünüzün uğurlu keçməsini arzu edirəm.
NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voters deyib:
- Çox sağ olun, cənab Prezident. Mən təhlükəsizlik və sülh məsələlərində aparıcı mövqedə olmaq istəyinizə görə Sizi və ölkənizi təqdir edirəm. Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına verdiyiniz töhfənin davam etdirilməsi, əsgərlərinizin orada müşahidə etdiyimiz xidməti tərəfimizdən yüksək qiymətləndirilir. Bir az bundan əvvəl Sizin baş qərargah rəisi ilə görüşmək imkanım oldu və bu yaxınlarda Əfqanıstandakı səhra komandiri ilə Həmid Kərzai beynəlxalq hava limanında əsgərlərin xidmətini müzakirə etdim. Onlar cəsarətlə xidməti davam etdirirlər və qeyd etməliyəm ki, NATO-nun Əfqanıstana cəlb edilməsi ilə bağlı məsləhətləşmələr zamanı həmişə bütün əsgərlərinizin mühafizəsi məsələsi nəzərə alınacaqdır. Biz xalqınızı və ordunuzu bütün etdiklərinizə görə təqdir edirik. Bu, Əfqanıstan sərhədlərinin xaricindən terror dəstələrinin ölkəyə daxil olmasının qarşısını almaqda bizim səylərimizə çox böyük təsir göstərir. Hesab edirəm ki, missiya yaxşı fəaliyyət göstərməyə davam edir və Sizin əsgərləriniz bu missiyanın böyük bir tərkib hissəsidir.
Prezident İlham Əliyev: Çox sağ ol.
***
11.27
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.