İctimai Liderlər Platforması Ermənistanın təxribatı ilə bağlı bəyanat yaydı
13 iyul 2020 17:17 (UTC +04:00)

İctimai Liderlər Platforması Ermənistanın təxribatı ilə bağlı bəyanat yaydı

Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücum etməyə cəhd göstərib.

Lent.az xəbər verir ki, bu barədə Ermənistanın hərbi və informasiya təxribatı ilə bağlı İctimai Liderlər Platformasının Bəyanatında bildirilir. Bəyanatda qeyd olunur ki, düşmənin xain hücumu zamanı dörd əsgər və zabitimiz qəhrəmancasına şəhid olub. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub. Yayılmış videolardan da göründüyü kimi, düşmənin texnikası və çoxlu sayda canlı qüvvəsi məhv edilib. Şəhidlərimizin qisası düşməndən artıqlaması ilə alınıb. Ermənistanın bu hücum cəhdi və silahlı təxribatı Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirsə də, digər tərəfdən onun ifadə forması bir sıra narahatçılıq doğurdu. Biz hamımız yaxşı anlayırıq ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Bu gün Azərbaycan güclü orduya malikdir və ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Bu gün bizi ciddi narahat edən digər bir məsələ Ermənistanın informasiya məkanında törətdiyi təxribatla bağlıdır. Düşmən tərəfindən azərbaycanlı adı və soyadı ilə yaradılmış yüzlərlə sosial şəbəkə hesablarından dövlətimizə qarşı informasiya müharibəsi aparan, ölkəni xaosa sürükləyən, xalqımızın və ordumuzun döyüşkən ruhuna mənfi təsir etməyə çalışan çağırışların şahidi oluruq. Düşmənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı təşkil olunmuş informasiya müharibəsinə onların daxildəki və xaricdəki uzantıları da fəal dəstək verirlər. Biz, İctimai Liderlər Platforması olaraq cəmiyyətimizi, xüsusilə, mətbuat nümayəndələrini, QHT sektorunu, sosial şəbəkə iştirakçılarını, xaricdə yaşayan soydaşlarımızı, hər bir vətəndaşımızı və bütün ictimai fəalları bu cür təxribatların qarşısını almağa və onları anındaca ifşa etməyə çağırırıq. Biz, düşmənlə müharibə şəraitində olan müdrik xalqımızı, vətəndaşlarımızı təmkinli, səbrli olmağa, təxribatlara uymamağa və belə həssas və ağır zamanda hamını ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, ordumuza dəstək olmağa çağırırıq! Əminik ki, tezliklə torpaqlarımız Ali Baş Komandanın əmri, xalqımızın dəstəyi və qəhrəman ordumuzun gücü ilə erməni işğalçılarından azad olunacaqdır!

Vətən uğrunda canlarını fəda edən bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik! Tanrı Dövlətimizi, Xalqımızı, Müstəqilliyimizi və Ordumuzu qorusun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3826
avatar

Oxşar yazılar