Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. MSK sədri Məzahir Pənahov deyib ki, 7 dairədə qanun pozuntuları ilə bağlı şikayətlər daxil olub. M.Pənahov bu şikayətlərin araşdırıldığını qeyd edib.
Lent.az həmin dairələri araşdırıb.
Müraciətlərin daxil olduğu dairələrdən birində -35 saylı Xətai Üçüncü Seçki dairəsində hələlik lider namizəd müəyyən olunmayıb. Bu dairədə əsas rəqabət Ümid Partiyasının sədri İqbal Ağazadə ilə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında gedib.
Araşdırma aparılacaq digər dairələrdə isə MSK ilkin nəticələri açıqlayarkən, lider namizəd elan edib. Bu seçki dairələrindən 33 saylı Xətai Birinci Seçki Dairəsindən lider namizəd YAP üzvü Hüseynbala Mirələmov, 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən -Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən YAP üzvü Hadı Rəcəbli, 79 saylı İmişli Seçki Dairəsindən Razi Nurullayev, 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən bitərəf Çingiz Qənizadə, 81 saylı Beyləqan Seçki Dairələrindən isə Şahin İsmayılov qeyd edilib.