”Gizlənin”. Bunu qorxu və həyəcanla Ermənistanın Tavuş vilayətinin qubernatoru Hayk Çobayan yerli sakinlərə müraciətində deyib.
Daha sonra həyəcanına bir qədər də təlaş qatıb: “Əziz tavuşlular, ehtiyatlı olun, sığınacaqlarda və digər təhlükəsiz yerlərə çəkilin”.
Bu, bu günün xəbəri idi. İki gün əvvəl isə İrəvanda və ətraf rayonlarda kütləvi şəkildə maşın şinlərinin toplantısına başlanılıb. Bu barədə erməni jurnalist Qayane Mkrtçyan sosial şəbəkələrdəki hesabında məlumat yayıb.
“Təcili! Yerevanda maşın şinlərinin toplanması və boşadılması üçün könüllülər lazımdır. Kimin yük maşını varsa, o da müraciət etsin”.
Mkrtçyan daha sonra əlavə edib: “Maşın şinləri mövqeləri gücləndirmək və müdafiə olunmaq üçün ən yaxşı vasitədir”.
Hə, təlaş içindədirlər. Qorxurlar. Hətta maşın şinlərinin arxasında belə yer axtarırlar.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda son günlər cəbhə bölgəsində baş verən hadisələr də toxundu. Ermənistanın törətdiyi təxribata, düşmənin Azərbaycan mövqelərinə artilleriya zərbəsi endirməsinə və nəticədə şəhidlərimizdən olmasına toxunan dövlət başçısı qeyd edib ki, operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını alıb, düşmənə sarsıdıcı zərbələr endirilib.
Sitat: “Ermənistan hərbi bölmələrinin çirkin əməlindən sonra qisas əməliyyatının ikinci fazası başlamış, son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirilmiş, onlarla erməni hərbçi məhv edilmiş, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın olunub. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilib. Paylaşılan videogörüntülər açıq-aydın göstərir ki, düşmənin infrastrukturu, canlı qüvvəsi, səngərləri, postları, dayaq məntəqələri nə qədər dəqiqliklə məhv edilib”.
Bütün təxribatlarına, diversiyalara baxmayaraq, Ermənistan ordusu Azərbaycan torpaqlarına bir metr də girə bilmədi. Ciddi itki verən Ermənistan əvəzində acığını mülki əhalidən çıxmaq qərarına gəldi. Sərhədyanı kəndləri top atəşinə tutmağa başladı. Nəticədə 76 yaşlı Tovuz rayon sakini Əziz Əzizov həlak oldu. Prezidentin təbirincə desək, bir daha sübut olundu ki, Ermənistan faşist dövlətdir.
Bəs bu təxribat və nəticədə bu qədər itki Ermənistanın nəyinə lazım idi?
Prezident haqlı olaraq qeyd edir ki, Ermənistan rəhbərliyinə böhranlı vəziyyət lazımdır ki, diqqəti ciddi daxili problemlərdən yayındırsın.
“Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Xaricdən maliyyələşən, xarici fondlardan maaş, onlardan təlimat alan və onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yollarla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Ancaq təcrübəsizlik, səriştəsizlik, daxili resursların, xarici investisiyaların olmaması bunu mümkünsüz etdi. Vədlərin iflasa uğraması Ermənistanda böhranlı vəziyyətin yaranmasına gətirib çıxarıb”.
Amma bu təxribat da Paşinyan hakimiyyətinə uğur gətirmədi. Əksinə, indi bütün Ermənistan panika içindədir. Tavuş vilayətinin qubernatorunun “gizlənin” təlaşı da bundan xəbər verir. Artıq bəzi kəndlər, şəhərlər boşaldılır. Ölkədə xaos yaranıb. Azərbaycan Ordusu vəziyyətə tam nəzarət edir.
Maraqlıdır ki, Azərbaycan ordusunun möhtəşəm cavabından sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, onlardan yardım istədi. Amma cavab şok effekti yaratdı. Zavallı Paşinyan unutdu ki, KTMT-nın Ermənistandan başqa bütün üzvləri Azərbaycanın dostlarıdı.
Ermənistanın bütün cəhdlərinə rəğmən, KTMT Azərbaycan əleyhinə hansısa mövqe sərgiləmədi. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi idi...