AMİP lideri, Beynəlxalq Demokrat İttifaqının sədr müavini Etibar Məmmədov BDİ sədri Stefan Harperə, BDİ Baş katibi Kristian Kattnerə və eləcə də bu qurumun üzvü olan dünyanın aparıcı siyasi partiyalarına müraciət ünvanlayıb.
AMİP-in mətbuat xidmətindən APA-ya bildirilib ki, müraciətdə Dağlıq Qarabağ münaqişəsi, 30 ildən artıq davam edən işğal faktı, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz olaraq işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı qətnamələri, eləcə də sentyabrın 27-dən etibarən davam edən hərbi əməliyyatlarla bağlı məlumatlar yer alıb.
Daha sonra Ermənistan tərəfindən Gəncə və digər ərazilərimizdə mülki əhalinin hədəf alınması, hümanitar atəşkəsə əməl etməməsi ilə bağlı da məlumat verilib.
ATƏT Minsk Qrupunun fəaliyyətsizliyinə toxunan Etibar Məmmədov ötən illər ərzində bu qrupun heç bir irəliləyişə nail olmadığını, əslində daha çox problemin konservləşdirilməsinə xidmət etdiyini qeyd edərək BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasıyla bağlı Ermənistana təzyiq göstərmədiklərini xüsusi vurğulayıb.
Sonda Etibar Məmmədov münaqişənin sülh yolu ilə həllinin mümkünlüyünün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasından asılı olduğunu qeyd edərək, bununla bağlı Ermənistana təzyiq göstərilməsinin vacibliyini bildirib. Etibar Məmmədov hər kəsi bu prossesdə iştirak etməklə sülhün bərqərar olmasına tohfə verməyə çağırıb.