“Bu, Ermənistanın bütün beynəlxalq ictimaiyyətə, o cümlədən Rusiya Federasiyasına qarşı hörmətsizliyi kimi qiymətləndirilməlidir”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə yerli və xarici mətbuata açıqlamasında Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin “Toçka-U” sistemindən raket atəşinə tutulmasına Rusiyanın reaksiyasının necə olması barədə sualı cavablandırarkən bildirib.
Düşmənin humanitar atəşkəs rejiminin tələblərini kobudcasına pozaraq təkcə Gəncəni deyil, Mingəçevir və digər yaşayış məntəqələrimizi də ağır artilleriya və raket atəşinə tutduğunu deyən H. Hacıyev qeyd edib ki, Rusiyanın da bilavasitə vasitəçiliyi ilə humanitar əsaslarla atəşkəsə dair fikirlər ortaya qoyulduğu halda, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu vandallıq, bu soyqırımı aktı həyata keçirib: “Düşünürük ki, bütün beynəlxalq ictimaiyyət də bu hadisələrə lazımı qiymət verməlidir”.