Ermənistan Müdafiə Nazirliyinin (MN) Hərbi polisinin rəisi polkovnik Artur Baqdasaryan və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi Aleksan Aleksanyan vəzifələrindən azad ediliblər.
APA-nın news.am-a istinadən verdiyi xəbərə görə, bununla bağlı bu gün Ermənistan Prezidenti Armen Sarkisyan müvafiq fərman imzalayıb.
Yuxarıda adları qeyd olunan şəxslər Ermənistanın Baş Naziri Nikol Paşinyaın təqdimatı əsasında vəzifələrindən azad olunublar.
Qeyd edək ki, son vaxtlar Ermənistan Ordusunda qeyri-döyüş şəraitində ölüm hallarının artması ilə əlaqədar fevralın 18-də Ermənistan Milli Məclisinin İnsan haqları və ictimai məsələlər komissiyasının qapalı iclası keçirilib.
Məlumatlara görə, bu ilin əvvəlindən Ermənistan Silahlı Qüvvələrində və Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən silahlı dəstələrdə qeyri-döyüş şəraitində 13 erməni hərbçi ölüb. Ölümlərin əksəriyyətinin intihar olduğu bildirilir.
Artıq Ermənistan Prezidenti və Baş Naziri də orduda ölüm hallarının artmasından narahatlıqlarını ifadə ediblər, Ermənistan Prezidenti Armen Sarkisyan hətta bununla bağlı bəyanat yayıb.