Bu gün Ermənistanın Gəncədə törətdiyi beynəlxalq cinayətdir. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə laqeyd qalmamalı, bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə cavab verməlidir. Əgər bunu beynəlxalq birlik etməyəcəksə, heç şübhəsiz ən qısa zamanda Azərbaycan özü cinayətkarları cəzalandıracaq.
Artıq neçənci dəfədir ki, ermənilər 1949-cu il Cenevrə konvensiyası, 1977-ci il ona əlavə protokollar, daha sonra qəbul olunmuş Haaqa konvensiyası və digər beynəlxalq normalar pozur. Çünki Gəncəyə atılan “SKAD” operativ texniki raket kompleksləri qadağan olunmuş kütləvi qırğın silahlarıdır, çünki nüvə başlığı daşımaq qabiliyyətinə malikdir. Politoloq Nəzakət Məmmədova deyir ki, ABŞ ümumiyyətlə, dünyadakı əksər dövlətlər bu raket komplekslərinin tamamilə ləğv olunması üçün çalışır. “Ermənistan isə öz silah arsenalında olan bu qadağan olunmuş sistemlərdən döyüş bölgəsinə bilavasitə aidiyyəti olmayan şəhərin mülki əhalisini hədəfə alır və beynəlxalq hüququ pozur. Halbuki, Azərbaycan heç vaxt mülki erməniləri hədəfə almayıb. Elə bu son savaşda da, əhali üçün dəhliz verdi. Prezident İlham Əliyev də çıxışlarında müraciət edərək, Azərbaycanın hədəfinin dinc əhali olmadığını xüsusi vurğulayır”.
Bəs niyə Gəncə?
Çünki Gəncə tarixən Azərbaycan ərazisində mövcud olmuş bəzi dövlətlərin qədim paytaxtı, mədəniyyət mərkəzi, oyanış və diriliş şəhəridir. Azərbaycan Demokratik Respublikası məhz burada elan edilib. Eyni zamanda, ikinci ən böyük şəhər, Gəncəbasar mahalının mərkəzidir. Politoloqun dediyinə görə, onun raket atəşinə tutulması həm Azərbaycan xalqı arasında xof, ruh düşkünlüyü yaratmaq, müharibədə psixoloji üstünlük qazanmaq, eyni zamanda Azərbaycanı cavab zərbəsi ilə Ermənistan ərazisində yerləşən dinc mülki obyektləri hədəf almağa təhrik etməkdir. “Bildiyimiz kimi, atılan raketlər qadağan olunmuş silah növləridir, hətta ABŞ tərəfindən kütləvi qırğın silahları kimi təsnif edilir. Gəncəni vurmaqla Azərbaycan Ermənistan ərazisinə zərbə endirməyə təhrik edilir. Amma bu təxribat baş tutmur və tutmayacaq da”.
Gəncə iki dəfə terrora məruz qalsa da, vətəndaşlar yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir, milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər. Vətəndaşlarımız Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, dövlət başçımızın qəbul etdiyi qərarları tam dəstəkləyir, ona dərin etimad göstərir, arxasında durduqlarını bəyan edirlər.
Həm Gəncə əhalisi, həm də bütün Azərbaycan xalqı ölkə başçısının yanındadır. Bunun belə olması təbiidir. İnsanlar görür ki, bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Prezident Azərbaycanın haqlı mövqeyini böyük əzmlə müdafiə edir, bir addım da geri çəkilməyəcəyik və mübarizəni axıra qədər davam etdirmək iqtidarındadır. “Belə olan şəraitdə əlbəttə ki, insanlar da Ali Baş komandanın yanında axıradək dayanacaqlar. İlham Əliyev bu savaşda özünü Ali baş komandan və mahir diplomat kimi bir daha təsdiqlədi. Müasir tariximizdə Azərbaycan bu qədər şanlı qələbələrə belə qısa müddətdə nail olmamışdı. Təəssüf ki, bizim müstəqillik tariximiz həm də torpaqlarımızın işğalı, məğlubiyyətlə səciyyələnirdi. Lakin son illərdə 2016-cı il aprel və 2020-ci il payız savaşı bu tarixi yenidən yazdı. Həm də qızıl hərflərlə. Biz təkcə torpağımızı işğaldan azad edib erməniləri iti qovan kimi qovmadıq, həm də dünya erməniliyi deyilən, əsrlərdən bəri formalaşmış, mütəşəkkil məkrli beynəlxalq şəbəkənin xain planlalarına sarsıdıcı zərbə vurduq. Ermənilərin və onların havadarlarının Azərbaycana yönəlmiş xain planları məhv edildi. Böyük dövlələrin güc mərkəzlərində pərdəarxası qurulan planlar, "Qurdlar süfrəsində" Azərbaycan torpaqlarını qoparıb Ermənistana vermək planları birdəfəlik tarixin zibilliyinə atıldı. Bu qələbənin də təminatçısı Prezident İlham Əliyev və ona tam, şəksiz etimad götərən Azərbaycan xalqıdır”.