Ermənilər bu cinayətə də əl atsalar... – Sanksiya gözlənilir
08 oktyabr 2020 17:55 (UTC +04:00)

Ermənilər bu cinayətə də əl atsalar... – Sanksiya gözlənilir

Azərbaycan elə bir geostrateji mövqedə yerləşir ki, Asiyadan Avropaya və şimaldan cənuba gedən dünya əhəmiyyətli müxtəlif yollar, neft və qaz kəmərləri buradan keçir. Buna görə də Avropanın enerji təhlükəsizliyi Azərbaycandan başlayır desək, yanılmarıq. Ancaq əfsuslar olsun ki, ordumuzun əks hücumları qarşısında davam gətirə bilməyən və heç bir beynəlxalq konvensiyalara, qaydalara məhəl qoymayan Ermənistan Silahlı Qüvvələri yaşayış məntəqələrimizi, günahsız sivil insanları, mülki obyektləri və s. hədəfə alır. Düşmən növbəti təxribata əl ataraq, döyüş bölgəsində 100 km-dən uzaqda yerləşən Yevlax rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəf alıb.

Bəs görək, beynəlxalq əhəmiyyətli obyektlər hansı qanunlarla qorunur? Mövzu barədə Lent.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, Ermənistanın bu əməlinə görə beynəlxalq iqtisad məhkəməsi ondan təzminat tələb edə bilər:

“Beynəlxalq əhəmiyyətli obyektlər də mülki obyektlər siyahısındadır. Onların qorunması üçün xüsusi konvensiyalar yoxdur. Bu məsələyə bilavasitə beynəlxalq iqtisad məhkəməsi baxacaq. Dəymiş zərər nəzərə alınsa, böyük təzminat nəzərdə tutula bilər. Hesab edirəm ki, bu, həm də hərbi cinayətdir. Buna görə də, Ermənistan insan hüquqları məhkəməsində də cavab verə bilər. Çünki Bakı-Tbilisi-Ceyhan neft kəmərini vurmaq cəhdi həm də mülki insanları hədəfə almaq deməkdir. Bu məsələlər araşdırılıb, ünvanına görə təyin edilməlidir”.

Hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Avropa dünya əhəmiyyətli neft kəmərini hədəfə aldığına görə, Ermənistana sanksiyalar tətbiq etməlidir:

“Bakı-Tbilisi-Ceyhan kəməri mülki obyekt sayılır. Beynəlxalq konvensiyalara görə, xüsusilə döyüş bölgəsindən çox kənarda yerləşən mülki obyektlərin vurulması və onlara hər hansı zərər yetirilməsinə məhdudiyyətlər qoyulub. Müharibə məsələləri ilə bağlı iki konvensiya var. Cenevrə konvensiyası mülki obyektlərin qorunmasını təmin edir, Haaqa məhkəməsi isə hərbi məsələlərə nəzarət edir. Cenevrə konvensiyasına görə, mülki obyektlərin zərər görməsinin qarşısı alınır. Lakin Ermənistan tərəfi məlumdur ki, açıq-aşkar təxribata və terrora əl atır. Ermənistan kimi uduzmağın əvəzini mülki obyektləri vurmaqla çıxmaq istəyən ölkələr isə beynəlxalq konvensiyaya məhəl qoymur. Xüsusən, Bakı-Tbilisi-Ceyhan kimi döyüş bölgəsində çox uzaqda yerləşən mülki obyektlərin vurulması terror xarakteri daşıyır. Belə hallar hərbi cinayətlərin araşdırılması istiqamətində hazırlanan müəyyən məcəllələr, cinayət prosessual məcəllələr və s. ilə tövsif olunur. 1949-cu il Cenevrə konvensiyası kimi bəzi konvensiyalar var ki, ona qoşuldun, yaxud qoşulmadın, icra etməlisən. İcra etməsən, cinayət məsuliyyəti daşıyırsan. Dünya əhəmiyyətli neft kəmərini hədəfə aldığına görə, qeyd olunan məcəllələrə əsasən, Avropa Ermənistana sanksiyalar tətbiq etməlidir”.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri oktyabrın 6-da axşam saat 21 radələrində Yevlax rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaxınlığına raket zərbələri endirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784
avatar

Mehman Nəbiyev

Oxşar yazılar