Dinc sakinlərə qarşı erməni terroru: Heç bir cinayət cəzasız qalmır
22 oktyabr 2020 16:56 (UTC +04:00)

Dinc sakinlərə qarşı erməni terroru: Heç bir cinayət cəzasız qalmır

Sentyabrın 27-dən bütün başlayan əks-hücum əməliyyatı uğurla davam edir. Bütün cəbhə boyu ağır məğlubiyyətə düçar olan düşmən böyük itkilər verərək geri çəkilir. 

Heç kimə sirr deyil ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə BMT Nizamnaməsinin 51-ci maddə ilə nəzərdə tutulan fərdi özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirirlər. 

Ordumuzun əks hücum əməliyyatları zamanı beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını, xüsusilə də “Müharibə zamanı mülki şəxslərin müdafiəsi” haqqında 4-cü  konvensiyasının tələblərini yerinə yetirilməsinə ciddi şəkildə riayət edir, bu çərçivədə hücum əməliyyatları zamanı mülki əhalinin xəsarət alması riskinin minimuma endirilməsi üçün qarşı tərəfə müvafiq xəbərdarlıqlar edilir. 

Amma döyüş meydanından qaçan düşmən müharibə cinayətlərindən əl çəkmir. Düşmən hər gün yaşayış məntəqələrimizi, dinc sakinləri, mülki obyektlərimizi atəşə tutur. 

Düşmən indiyədək Gəncə, Mingəçevir şəhərləri, Tərtər, Ağdam, Şəmkir, Bərdə, Naftalan, Ağcabədi, Xızı, Füzuli, Cəbrayıl, Beyləqan və digər yaşayış məntəqələrimizə xain hücumlar edirdi. Amma bu gün bu coğrafiya bir qədər də dəyişdi. Bu dəfə siyahıya Siyəzən, Qəbələ və Kürdəmirin də raket atəşinə tutulması əlavə edildi. Əsas turizm məkanlarımızdan olan Qəbələnin raket atəşinə tutulması da düşmənin hiyləgər niyyətindən xəbər verir. Qəbələdə 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, kənd ərazisində 5 evə ciddi ziyan dəyib. Həmçinin düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb. Lakin raketin Azərbaycan Ordumuzun Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi nəticəsində onun hissələri su kəmərinin yaxınlığına düşüb.

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 63 nəfər həlak olub, 292 nəfər isə xəsarət alıb. Yalnız düşmənin hərbi obyektlərini, mövqelərini hədəfə alan Azərbaycan Ordusu məhz döyüş meydanında düşmənə ağır zərbələr endirməklə ermənilərin bu cinayətlərinin qisasını alır.
Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1981 ev, 90 çoxmənzilli yaşayış binası və 386 mülki obyekt yararsız vəziyyətə düşüb.

İndiyədək ermənilərin hərbi cinayətlərilə bağlı bir neçə cinayət işinə başlanılıb. Baş prokuror Kamran Əliyevin də bildirdiyi kimi  hərbi cinayətlərlə bağlı sübutları toplamaq nə qədər çətin olsa da, bir o qədər vacibdir. Və bir ilahi ədalət də var: Heç bir cinayət cəzasız qalmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1282
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar