Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən APA-ya verilən məlumata görə, növbəti bəyanat Arizona ştatını təmsil edən Konqres üzvü Pol Qosar tərəfindən verilib.
Bəyanatda, 28 il bundan əvvəl baş vermiş faciə ABŞ Konqresinin diqqətinə çatdırılır, Azərbaycanın bu gün Qafqaz bölgəsində geniş imkanlara, zəngin mədəniyyətə və cəmiyyətə, stabil hökumət və əmin-amanlığa, zəngin neft ehtiyatlarına malik olması vurğulanmaqla yanaşı, müstəqillik əldə etməsinin ilk illərində Azərbaycanın çətinliklərlə mübarizəsi, Sovet rejiminin çökməsi nəticəsində Ermənistanla yaranmış münaqişə barədə məlumat verilir.
Münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri və Qarabağ erməniləri tərəfindən Xocalı əhalisinə qarşı hücum edildiyi, bunun nəticəsində 613 nəfərin qətlə yetirildiyi Konqres üzvü tərəfindən bildirilir. Qətliam qurbanlarının anılmasının və mülki əhaliyə qarşı hücumların qəbuledilməz olduğunun vurğulanmasının əhəmiyyəti diqqətə çatdırılır.
ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri olmasına görə məmnunluğunu ifadə edən Konqres üzvü, ölkəsinin münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcəyini, Xocalı əhalisinin xatirəsinin yad edilməsinin, onların ailələrinin və Azərbaycan əhalisinin belə qətliamla bir daha üzləşməməsini təmin etmək məqsədilə münaqişənin həllinin vacib olduğu bəyanatda qeyd edilir.
ABŞ-ın Azərbaycanla güclü ikitərəfli münasibətlərini yüksək qiymətləndirən Konqres üzvü, iki ölkənin əhalisinin rifahı, habelə ümumilikdə Qafqazın inkişafı və zəngin potensialının dünyanın diqqətinə çatdırılması naminə uğur əldə ediləcəyinə ümidvar olduğunu bildirmişdir.
Bəyanatın sonunda, Xocalı qurbanlarının xatirəsi bir daha yad edilir və bildirilir ki, ABŞ-la Azərbaycan arasında ikitərəfli münasibətlər inkişaf etdirilməklə və münaqişənin ədalətli və sülh yolu ilə həllinə çalışılmaqla yanaşı, onların əziz xatirəsi anılacaqdır. Azərbaycanla Ermənistan arasında sülh və yaxşı qonşuluq münasibətlərinin bütün tərəflər üçün əmin-amanlıq yaradacağı bəyanatda vurğulanır.
Bəyanatın mətni ilə https://www.congress.gov/116/crec/2020/02/26/modified/CREC-2020-02-26-pt1-PgE218-4.htm internet səhifəsində tanış olmaq mümkündür.