“Azərbaycan işğal olunmuş ərazisində əks-hücum əməliyyatı aparır və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinə əsasən, təşkilatın müdaxiləsi üçün heç bir əsas yoxdur”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilər brifinqdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov bildirib.
N. Səfərov deyib ki, Təşkilatın Nizamnaməsinin 20-ci maddəsində üzv dövlətlərin Əsasnamənin tələblərini yerinə yetirmədiyi halda üzvlükdən xaric edilməsi halları əksini tapıb: “Burada söhbət BMT Nizamnaməsinin əsas tələblərinin pozulması, işğala yol verməkdən gedir. Hazırkı halda Ermənistan beynəlxalq hüquq normalarını pozub, ərazilərimizi işğal edib, Azərbaycan ərazisində hərbi, insanlıq əleyhinə cinayətlər törədib, Xocalı soyqırımı həyata keçirib. Ona görə də bütün bunlar Ermənistanın təşkilatın üzvlüyünün dayandırılmasını aktuallaşdırır”.