BQXK itkin düşmüş şəxslərlə bağlı yeni video hazırlayıb - VİDEO
30 avqust 2020 11:52 (UTC +04:00)

BQXK itkin düşmüş şəxslərlə bağlı yeni video hazırlayıb - VİDEO

Bu gün dünyada baş verən silahlı münaqişələr, zorakılıq halları, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə insanı yad etmək, onların ailələrinə dəstək olmaq məqsədilə Beynəlxalq İtkin Düşmüş Şəxslər günü kimi qeyd olunur.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən Lent.az-a verilən məlumata görə, regionda 25,000-dən artıq insan, 90-cı illərdə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş 4,500-dən çox doğması haqqında xəbər almaq ümidi ilə yaşayır. Məlumatda aşağıdakılar qeyd olunub:

Yeni xəbərin olmadığı hər bir gün yaxınlarının taleyinin aydınlaşdırılmasını gözləyən insanlar üçün narahatlıq və qeyri-müəyyənliklə dolu növbəti günə çevrilir.

BQXK 20 ildən artıq bir müddətdir ki, qeyri-müəyyənlik içərisində yaşayan, iqtisadi, inzibati və hüquqi çətinliklərlə üz-üzə qalan ailələrin suallarına cavab tapa bilmək üçün aidiyyəti orqanlara dəstək göstərməkdədir. Qlobal COVID-19 pandemiyası ailələrin çəkdikləri əziyyətləri bir qədər daha artırıb. Belə ki, məhz böhran və qeyri-müəyyənlik vaxtlarında bütün ailə üzvlərinin evdə olmasına duyulan ehtiyac daha qabarıq şəkildə özünü büruzə verir. İtkin düşmüş şəxslərin ailələrinin yaralarını yalnız onların suallarını cavablandırmaqla sağaltmaq mümkündür.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması istiqamətində aidiyyəti qurumlarla sıx əməkdaşlıq edir. Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Nümayəndəliyi bu istiqamətdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə 3,800 itkin düşmüş şəxs haqqında ətraflı məlumat toplanılmasını başa çatdırmışdır və öz zəngin təcrübəsini Dövlət Komissiyası ilə paylaşmağa davam edir.

BQXK, itkin düşmüş şəxslərin ailələrinə dəstək olmaq üçün onların keçirdikləri kompleks hissləri, yaşadıqları qeyri-müəyyənlik vəziyyətini və bununla necə başa çıxdıqlarını əks etdirən video hazırlayıb.

BQXK neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olub, başlıca məqsədi silahlı münaqişələr və digər zorakılıq hallarından əziyyət çəkən şəxslərin həyat və ləyaqətini qorumaqdan ibarətdir. Təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olaraq 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3151
avatar

Oxşar yazılar