Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır - TƏHLİL
17 aprel 2020 19:59 (UTC +04:00)

Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır - TƏHLİL

Yeni növ koronavirusun (COVID-19) yayılması bütün ölkələrə olduqca böyük təsir göstərib. Hazırda fərqli beynəlxalq qurumların verdiyi neqativ proqnozların şahidiyik. Bu proqnozlar onu demək imkan verir ki, pandemiyadan sonra bütün dünya başqa, çox fərqli siyasi, sosial və iqtisadi şəraitdə yaşayacaq, çünki məhz virusun yayılması ölkələri, xalqları və insanları bir birinə qarşı daha anlayışlı, səbirli və həssas yanaşmağa məcbur etdi.

Virus inkişaf səviyyəsindən asılı olmadan bütün ölkələrdə sosial və iqtisadi həyata zərbə vurdu. Məsələn, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin sözlərinə görə, COVID-19 pandemiyası ilə bağlı karantin tədbirləri nəticəsində baş verəcək Avropa iqtisadiyyatındakı tənəzzül Avropa İttifaqı tarixində ən ağır olacaq: "Avropa bir çox böhranlardan keçib, lakin pandemiyadan sonra olacaq belə iqtisadi tənəzzül ilə heç vaxt üzləşməyib. Hər kəsin köməyə ehtiyacı var və bunda heç kəsin günahı yoxdur. Mövcud böhran sosial həyatın dayanmasından əziyyət çəkən tamamilə sağlam şirkətlərə təsir göstərir".

Əlbəttə, bu sözlərlə razılaşmamaq olmaz. Doğrudan da, hazırda həm dünya, həm də ayrı-ayrı ölkələrin iqtisadiyyatı çətin vəziyyətdədir və bu şəraitdə məşğulluğun, sosial rifahın dəstəklənməsi sahəsində tədbirlərin həyata keçirilməsi olduqca vacibdir.

Azərbaycanda bu sahədə böyük işlər aparılıb və aparılmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə COVID-19 pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”da məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də dövlət başçısı tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 mln. vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 mln. manat vəsait ayrılıb.

Vacib məqam ondan ibarətdir ki, ölkədə iş yerlərinin və əmək haqlarının qorunması sahəsinə lazımi diqqət yetirilib. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Əhatə dairəsi 1,629 mln. işçi (dövlət sektoru üzrə 910 min, özəl sektor - 719 min) olan elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Belə ki, əmək müqaviləsi sayında azalma deyil, əksinə, artım baş verib (1-17 aprel - 55 min artım, 1 yanvar - 17 aprel - 77 min artım).

Bununla yanaşı, İqtisadiyyat Nazirliyin məlumatına görə, 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir.

Əhalinin məşğulluq imkanlarının artırılması da diqqət mərkəzindədir. Məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılıb və bunun üçün 30 mln. manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib.

Onu da qeyd etmək lazımdır ki, ümumilikdə, ictimai iş yerlərin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər. Vurğulamaq lazımdır ki, bu böyük rəqəmdir.

Koronavirusun yayılmasından yaranan problemlərin həlli çərçivəsində işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə aylıq yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb. Birdəfəlik ödəmə aprel-may aylarını əhatə edəcək və 600 min şəxsə ödəniləcək. Aprelin 7-də təsdiq edilən qaydalar üzrə çox qısa müddət ərzində - 2 günə ödənişlərə başlanılıb və 9 gün ərzində (9-17 aprel) 140 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib.

Xatırladaq ki, birdəfəlik ödəmə köçürülərkən vətəndaşa bu barədə SMS göndərilir. Ödəniş bank filialları və ya poçt şöbələri vasitəsilə təmin edilir.

Vacib haldır ki, növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq. Virus aradan qaldırıldıqdan sonra, bu ölkədə sosial və iqtisadi vəziyyətinin bərpasına və daha da yüksəlməsinə öz töhfəsini verəcək.     

Bununla yanaşı, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur.

Diqqətdən qaçmamalıdır ki, pandemiya başlayandan indiyədək ölkədə heç bir sosial ödəniş - pensiya, müavinət və s. üzrə ödəmələrdə hər hansı gecikmə baş verməyib. Xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 mln. manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Bu ödənişləri (pensiya,

müavinət, təqaüd və s.) 2,3 milyon şəxs alır. Təkcə bu ayı görürsək, aprelin 8-15-də respublika üzrə aprel ayı üçün pensiyalar tam ödənildi. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Əlavə etmək lazımdır ki, 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 mln. manat  ayrılıb. Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir (hər il 250 ailə). Bu sahədə banklarla da əməkdaşlıq həyata keçirilir. Aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsinə başlanıb. Dünya Bankı ilə də layihəyə başlanır və hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. Bundan başqa, BMT İnkişaf Proqramı ilə birgə əlilliyi olan 500 şəxsin biznesə çıxışına dəstək verilir.

Koronavirusun yayılmasının mənfi nəticələri ilə mübarizə çərçivəsində dövlət tərəfindən xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi, tənha yaşlılara sosial xidmətlər və digər dəstək tədbirləri də qeyd etməmək mümkün deyil. Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır, 15 000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib. Bu proses davam edir. Bundan başqa, hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunub. 2020-ci il martın 1-dən etibarən isə əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir 14 min nəfəri əhatə edir və bunun üçün 2.6 milyon manat ayrılıb.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrdən olan tələbələrin vəziyyəti də diqqətdən kənarda qalmayıb. Bu kateqoriyadan olam olan tələbələrin təhsil haqqının ödənməsini dövlət öz üzərində götürüb, bunun üçün 40 milyon manat vəsait nəzərdə tutulur.

Beləliklə, görülən tədbirlər Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin bariz təzahürüdür.

Yekunlaşdıraraq, qeyd etmək lazımdır ki, məhz belə çətin günlərdə hər birimiz məsuliyyəti hiss edərək, bir-birimizə kömək və dəstək olmaqla yanaşı, karantin qaydalarına əməl edərək, ölkə rəhbərliyinin koronavirusla və onun yaratdığı mənfi sosial-iqtisadi nəticələri ilə mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlərə dəstək olmalıyıq.

APA Analitics

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1360
avatar

Oxşar yazılar