Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca dinc sakinləri və mülki infrastrukturu məqsədyönlü şəkildə ağır artilleriyadan istifadə etməklə atəşə tutmasına cavab olaraq, Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatlarında döyüş meydanında bir-birinin ardınca acı məğlubiyyətə uğrayan Ermənistan informasiya məkanında da ard-arda cəfəng iddialar ortaya atmaqla, primitiv yollarla Azərbaycanın haqlı mübarizəsinə kölgə salmaq məqsədi güdür.
Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması, mülki əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam əməl etməklə beynəlxalq səviyyədə tanınmış ərazilərimizin daxilində hərbi əməliyyat həyata keçirir.
Azərbaycan ordusunun hədəfi ölkəmizin ərazilərinə beynəlxalq hüquqa zidd olaraq müdaxilə etmiş Ermənistan silahlı qüvvələridir və silahlı qüvvələrimiz işğal edilmiş ərazilərimizdəki legitim hərbi hədəfləri zərərsizləşdirmək istiqamətində tədbirlər görür.
Silahlı qüvvələrimiz tərəfindən qeyd edilən məqsədlə atılan bütün addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsindən irəli gələn hüquqlar çərçivəsində icra edilir.
Silahlı qüvvələrimiz tərəfindən aparılan hərbi əməliyyatlar gedişində Ermənistanın illərdən bəri özünün işğalçı siyasətini ört-basdır etmək məqsədilə beynəlxalq ictimaiyyətə sırımağa çalışdığı guya münaqişənin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni əhalisinin öz müqəddaratını təyin etmə uğrunda mübarizəsi olduğu, Ermənistanın münaqişə tərəfi olmadığı, bu ölkənin Dağlıq Qarabağ əhalisini müdafiə etdiyi kimi qondarma tezislər tamamilə iflasa uğramışdır. Münaqişə zonasında son günlər baş verən hadisələr Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə yaratdığı qanunsuz rejimin irqçilik və etnik ayrıseçkilik əsasında yaradılmış oyuncaq struktur olması əyani şəkildə sübut olunmuşdur.
Ermənistanın işğalçılıq siyasətini müşayiət etmiş etnik təmizləmə, soyqırımı və digər ağır müharibə və insanlıq əleyhinə cinayətlər nəticəsində 750 mindən çox dinc azərbaycanlının ən sadə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması fonunda Ermənistanın öz təcavüzkar hərəkətlərini insan hüquqlarının müdafiəsi kimi qələmə verməsinə artıq heç kim inana bilməz.
Özünün hərbi və informasiya müstəvisində ağır məğlubiyyətlərini kompensasiya etmək məqsədilə Ermənistan Azərbaycana qarşı böhtan xarakterli yeni iddiaları tirajlamağa uğursuz cəhd edir. Bu xüsusda, Azərbaycan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdə mülki insanları və mülki infrastrukturu hədəfə aldığını, Türkiyə silahlı qüvvələrinin Azərbaycan tərəfindən hərbi əməliyyatlarda iştirak etdiyini və Yaxın Şərqin bəzi münaqişəli bölgələrindən muzdluların Azərbaycan tərəfindən Ermənistana qarşı əməliyyatlara cəlb edildiyinə dair əsassız və cəfəng iddialar irəli sürülür.
Ermənistanın Azərbaycanın mülki insanları və infrastrukturu hədəf alması ilə bağlı iddiaları ən azı ona görə saxta və əsassızdır ki, məhz Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində təmas xəttinin qarşı tərəfindən bütün mülki şəxslər öz evlərindən qovulmuşdur və bu ərazilərdə Ermənistanın işğalı davam etdirmək üçün formalaşdırdığı hərbi infrastrukturdan başqa hər hansı bir infrastruktur qalmamışdır.
Bunun əksinə olaraq, təmas xəttinin Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan hissəsində sıx şəkildə məskunlaşmış yaşayış məntəqələri və onları təmin edən mülki infrastruktur yerləşir. Münaqişənin davam etdiyi bütün müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən davamlı olaraq hədəf alınan bu yaşayış məntəqələrinə son 5 gün ərzində ciddi ziyan dəymiş, mülki vətəndaşlar arasında çoxsaylı itkilər və yaralananlar qeydə alınmışdır.
Türkiyənin hazırkı hərbi əməliyyatların tərəfi kimi qələmə verməklə, Ermənistan həm Azərbaycan silahlı qüvvələrinə qarşı acizliyini özünün ictimaiyyətinə izah etmək, həm də beynəlxalq ictimai rəydə ənənəvi olaraq “yazıq” imici yaratmaqla, türkofob dairələrdən dəstək ummağa cəhd edir.
Ermənistan tərəfi birmənalı bilməlidir ki, Türkiyə ən yaxın strateji tərəfdaşımız olmaqla, Azərbaycanın haqq işinə özünün birmənalı və sarsılmaz dəstəyini ifadə etmişdir. Bu dəstək yalnız Azərbaycan və Türkiyə arasında qədim tarixə söykənən qardaşlıq münasibətlərinin təzahürü deyildir. Türkiyə Azərbaycanı məhz haqlı olduğuna, işğala məruz qaldığına və işğal edilmiş ərazilərini azad etmək hüququna malik olduğuna görə dəstəkləyir.
Ermənistan tərəfi həm də unutmamalıdır ki, Türkiyə münaqişənin nizama salınmasının həvalə olunduğu ATƏT-in Minsk Qrupunu yaradan və onun daimi üzvü olan dövlətdir. Bu baxımdan Türkiyə tərəfindən münaqişənin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in əlaqədar sənədlərinə söykənən mövqe nümayiş etdirməsindən Ermənistan və ya hər hansı bir digər tərəf təəccüblənməməlidir. Bu Türkiyənin beynəlxalq ictimaiyyətin nüfuzlu və hörmətə malik olan məsuliyyətli üzvü olmasından irəli gələn bir mövqedir və bütün digər dövlətlər, xüsusilə münaqişənin BMT və ATƏT-in istinad olunan sənədləri çərçivəsində mandat həvalə edilmiş Minsk Qrupunun digər üzvləri üçün nümunə təşkil edir.
Azərbaycan və Türkiyənin çox şaxəli əməkdaşlığı 30 ilə yaxındır ki, Cənubi Qafqaz regionunda inkişafın, tərəqqinin, sabitlik və təhlükəsizliyin təməlini təşkil edir. Bu müddət ərzində regionda həyata keçirilən qitə və qlobal miqyaslı bütün layihə və təşəbbüslər üçün Türkiyə və Azərbaycan əməkdaşlığı lokomotiv rolunu oynamışdır. Ermənistanın isə bundan yararlanan bilməməsi yalnız bu ölkənin özünün seçimidir və buna görə Ermənistan Türkiyə və Azərbaycanı deyil, məhz özünü günahlandırmalıdır.
Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi hərbi-texniki sahədə də sıx əməkdaşlıq olduğu da açıq və birmənalıdır.
Hazırda işğalçı Ermənistan ordusuna qarşı həyata keçirilən hərbi əməliyyatlara gəldikdə isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün qarşıya qoyulan məqsədə nail olmağa tam şəkildə qadir olan güclü, peşəkar və ən müasir silah və sursat təmin edilmiş ordusu var və bu işdə digər dövlətin iştirakına ehtiyac yoxdur.
Ermənistanın terrorçu və muzdlu şəxslərin Azərbaycan tərəfindən hərbi əməliyyatlara cəlb edildiyinə dair iddialara cavab olaraq, bir daha qeyd edirik ki, Ermənistan propaqanda maşınının bu iddiaları tamamilə əsassızdır. Hərbi əməliyyatlar hələ başlamamışdan öncə Ermənistan tərəfindən tirajlanan, heç bir fakta əsaslanmayan bu iddialar Ermənistanın 27 sentyabr tarixində həyata keçirdiyi təcavüz aktı ilə bağlı zəruri informasiya fonu yaratmaq məqsədi güdür, bu ölkənin Yaxın Şərqin bir sıra ölkələrindən olan erməni mənşəli terrorçuların mənfur “xidmətlərindən” istifadə etməsindən diqqəti yayındırmaq, Azərbaycanın haqlı mübarizəsinə ləkə salmaq niyyəti ilə apardığı böhtan kampaniyasının bir elementidir.
Münaqişənin davam etdiyi bütün müddət ərzində məhz Ermənistan terrorçu dəstələrdən Azərbaycanlı dinc əhaliyə qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsində intensiv şəkildə istifadə etmiş, xüsusi qəddarlığı ilə seçilmiş terrorçuları bu gün də Ermənistanda milli qəhrəman statusu daşıyır, Azərbaycana qarşı təcavüzkar müharibədə iştiraka məcbur edilən ermənilər üçün nümunə kimi şöhrətləndirilir və qəhrəmanlaşdırılır. Ermənistan tərəfindən Yaxın Şərq ölkələrindən terrorçu etnik erməni ünsürləri kütləvi və sistemli şəkildə işğal edilmiş ərazilərimizdə yerləşdirilməsinə dair saysız hesabsız faktlar davamlı şəkildə beynəlxalq ictimaiyyətin, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin diqqətinə çatdırılmışdır.
Hazırda işğal edilmiş ərazilərimizə qanunsuz yerləşdirilmiş bu terrorçu ünsürlər Azərbaycana və onun mülki əhalisinə qarşı təcavüzkar müharibədə iştirak edir. Bu terrorçu dəstələrin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasına dair beynəlxalq ictimaiyyətə olan çağırışlarımız öz nəticəsini vermədiyi şəraitdə, beynəlxalq və regional sülh və təhlükəsizlik üçün ciddi hədə olan bu problemin həlli yalnız Azərbaycan silahlı qüvvələri tərəfindən ərazilərimizin işğalına son qoyulması ilə mümkün olacaqdır.
Erməni propaqandasının Azərbaycana qarşı böhtan kampaniyasının etnik və dini mövzuları məsuliyyətsiz şəkildə sui-istifadə etməklə mümkün ola biləcək ən aşağı səviyyəyə endiyi, Ermənistanın özünün işğalçı siyasətini “səlib yürüşü” “demokratiya uğrunda mübarizə” kimi cəfəng şüarlarla beynəlxalq ictimaiyyətə sırımağa çalışdığı bir vəziyyətdə onun əsassız iddialarını qətiyyətlə rədd edirik.