Azərbaycan XİN Beynəlxalq Seçki Müşahidə Missiyasının parlament seçkiləri ilə bağlı açıqlamasına cavab verib
10 fevral 2020 21:44 (UTC +04:00)

Azərbaycan XİN Beynəlxalq Seçki Müşahidə Missiyasının parlament seçkiləri ilə bağlı açıqlamasına cavab verib

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının (BSMM) 9 fevral 2020-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı ilkin qənaətləri barədə bəyanatı ilə tanış olduq.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı açıqlamada deyilir.

Məlumata görə, Azərbaycan Hökuməti məmnuniyyətlə qeyd edir ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət olunan bütün beynəlxalq təşkilatlar, o cümlədən BSMM-in tərkibində birləşən təsisatlar dəvəti qəbul edərək seçkilərdə müşahidə missiyası ilə iştirak ediblər. Azərbaycan tərəfinin dəvətini qəbul edərək seçki prosesində müşahidə missiyaları ilə təmsil olunan və bu dövrdə  Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıq edən bütün beynəlxalq təşkilatlara öz təşəkkürümüzü bildiririk.

BSMM-in ilkin qənaətlər bəyanatında namizədlərin qeydiyyatı prosesinin əhatəliliyi, seçki prosesinin yaxşı idarə olunması, Mərkəzi Seçki Komissiyasının fəaliyyətində şəffaflıq kimi müsbət məqamların, eləcə də çoxsaylı məcburi köçkünlərin ortaya çıxmasına səbəb olmuş Ermənistan ilə münaqişə ilə əlaqədar, Azərbaycanın nəzarətindən tam və qismən kənar olan 10 seçki dairəsində seçkilərin təşkilinin mümkünsüzlüyünün, məcburi köçkünlərin seçki hüququnun təmin olunması sahəsində əhəmiyyətli addımların atılmasının təsbit olunmasını təqdir edirik.

BSMM-in bəyanatında çatışmazlıqlar kimi təqdim edilən məqamların bəziləri ilə razı olmasaq da, onların əsasən prosedur və təşkilati səciyyəli olduğundan qeyd götürürük. Mərkəzi Seçki Komissiyasının sədrinin artıq bəyan etdiyi kimi, iddia olunan və özünü biruzə verən pozuntular müfəssəl şəkildə araşdırılacaq və qanun çərçivəsində bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.

Habelə qeyd edirik ki, BSMM-in bəyanatında öz əksini tapmış məsələlər, eləcə də 2 ay sonra ATƏT/DTİHB tərəfindən dərc ediləcək yekun hesabat Azərbaycan hakimiyyət qurumları tərəfindən ətraflı şəkildə təhlil ediləcəkdir.

Bir daha bəyan edirik ki, bu seçkilər Azərbaycan xalqının iradəsini ifadə edir və ölkəmizin demokratik inkişafı yolunda növbəti uğurlu addımdır.

Azərbaycan Respublikası ədalətli və konstruktiv əsasda beynəlxalq tərəfdaşlar, o cümlədən ATƏT/DTİHB ilə əməkdaşlığını davam etdirməyə hazırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2049
avatar

Oxşar yazılar