Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirildi - YENİLƏNİB
25 fevral 2020 18:31 (UTC +04:00)

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirildi - YENİLƏNİB

Fevralın 25-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib.

APA xəbər verir ki, dövlət başçıları iclasda çıxış ediblər.

Prezident İlham Əliyev deyib: 

- Hörmətli cənab Prezident, əziz qardaşım.

Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana, doğma vətəninizə xoş gəlmisiniz. Sizin səfəriniz çox böyük önəm daşıyır. Bu gün təkbətək görüş əsnasında Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələrinin bir çox istiqamətlərini müzakirə etdik. Bir daha əmin olduq ki, aramızdakı əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulubdur.

Keçən il əlaqələrimiz üçün çox uğurlu olubdur. Biz Sizinlə bir neçə dəfə görüşmüşük. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib. Onların arasında əlbəttə ki, TANAP layihəsinin Avropa sərhədinə çatdırılmasını və digər layihələri qeyd etmək olar.

Bir sözlə, bu gün keçirilən Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısı əminəm ki, əlaqələrimizin gələcək inkişafı üçün çox önəmli olacaq. Gündəlikdə bir çox məsələlər vardır. Bu məsələlərin müzakirəsi və qəbul ediləcək qərarlar, eyni zamanda, imzalanacaq ikitərəfli sənədlər əlaqələrimizi böyük dərəcədə gücləndirəcək.

Bir daha xoş gəlmisiniz, Sizə və nümayəndə heyətinə, qardaş Türkiyə xalqına müvəffəqiyyətlər, uğurlar və cansağlığı arzulayıram.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib:

- Mən də hörmətli cənab Prezidentə, əziz qardaşıma gəldiyimiz andan etibarən istər şəxsən mənə, istərsə də nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə çox təşəkkür edirəm. Təkbətək görüşümüzdə Türkiyə-Azərbaycan əlaqələrini dərin təfərrüatı ilə müzakirə etmək imkanımız oldu. Siyasi, hərbi, iqtisadi, ticari, mədəni - bütün sahələrdə nələr edə biləcəyimizi və indiyə qədər nələr etdiyimizi ətraflı müzakirə etdik. Belə bir toplantıya – Şuranın səkkizinci iclasına sədrlik etməkdən duyduğumuz məmnunluğu da xüsusi vurğulamaq istəyirəm.

Dünən şəhid olan azərbaycanlı qardaşımıza – İbrahim qardaşımıza Allahdan rəhmət diləyirəm. Bundan qısa müddət əvvəl bir qardaşımız da şəhid olub, ona da Allahdan rəhmət diləyirəm. Bütün Azərbaycan xalqına da şəxsən öz adımdan, nümayəndə heyəti və bütün xalqım adından başsağlığı diləklərimi də burada ifadə etmək istəyirəm.

Bu gün keçirəcəyimiz görüşlərdə nazir yoldaşlarımız qarşılıqlı olaraq bir-biriləri ilə lazımi müzakirələr aparacaqlar.

Keçən il qardaşım Əliyev “Dağlıq Qarabağ Azərbaycandır və nida” deyərək fikrini açıq şəkildə ifadə etmişdir. Türkiyə olaraq bu ifadənin altına biz də imzamızı qoyaraq buradan təkrar etmək istəyirəm. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə əldə etdiyiniz nəticənin də xüsusilə Azərbaycanımız üçün xeyirli olmasını Allahdan diləyirəm. Bu seçkilərin əmin-amanlıq və sabitlik şəraitində başa çatdırılmasından böyük məmnunluq və xoşbəxtlik duyduq.

Hörmətli qardaşım cənab Əliyevin liderliyi ilə reallaşdırılan islahatlar prosesini də təqdirlə izləyir, müşahidə edirik. İslahatlar prosesini dəstəkləmək məqsədilə bütün sahələrdə təcrübələrimizi Sizinlə bölüşməyə hazır olduğumuzu ifadə etmək istəyirəm.

Təbii ki, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, “Star” neft emalı zavodu kimi nəhəng layihələrə birlikdə imza atdıq. İndi əsas hədəf təxminən 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard dollara çatdırmaqdır. Bu məsələdə də qardaşımla razılıq əldə etdik. Bunun üçün bütün nazir yoldaşlarımız əllərindən gələn səyləri ortaya qoymalıdırlar.

***

Saat 16:33

Fevralın 25-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib.

APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iclasda iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1227
avatar

Oxşar yazılar