“Biz o cümlədən Sorosla savaşırıq. Əslində, mən Soros deyəndə Corc Sorosu nəzərdə tutmuram”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Paşinyanın atasının Soros olduğunu bildirirsiniz, Azərbaycan bölgədə həm də Soroslamı savaşır?” bildirib.
Dövlət başçısı deyib ki, bu, bir anlayışdır, bu, bir hərəkətdir: “Bu, dağıdıcı, yırtıcı, müstəmləkəçi bir hərəkətdir. Paşinyanın Sorosla bir şəklinə baxın, necə eybəcər fotoşəkildir. O, internetdə var. Durublar, bədənləri də yapışıb bir-birinə. Yəni utancverici bir şəkildir. İkisi də gülür, ikisinin də üzündə təbəssüm və faktiki olaraq bu şəkil Paşinyanın kim olduğunu göstərir. Çünki Ermənistanda çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu oldu. Paşinyan, əslində, hər zaman anti-Rusiya mövqeyində olub. Onun partiyasının adı ermənicə “Yolka”, onun da tərcüməsi “Çıxış” deməkdir. Haradan çıxış? Rusiya ilə birlikdə olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya Birliyindən. O, millət vəkili kimi hər zaman Rusiyanın əleyhinə idi, anti-Rusiya mövqeyində idi. Ona görə mən təəccüb edirəm ki, bu günə qədər Rusiyada bəzi siyasi dairələr Paşinyanın tərəfini tuturlar. Axı bu, rusiyapərəst qüvvələrə qarşı inqilab etdi, rusiyapərəst sabiq prezidentləri, rusiyapərəst ana müxalifət partiyasının sədrini həbsə atdı! Hər şeyi Rusiyanın əleyhinə etdi. Rusiyanın “Qazprom”, dəmiryolu şirkətinə cinayət işi açdı. NATO tipli bir təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni əsilli rəhbərini həbsə atdı. Yəni, bu, Sorosun sözü ilə oturub-duran bir adamdır. Bir də bunun komandasına baxın. Onların hamısı Soros Fondu, Açıq Cəmiyyət İnstitutu, Amnesty International… Hamısı bunlardır. Yəni Soros bu gün Ermənistanda hakimiyyətə gəldi, amma iflasa uğradı”.