“Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmuşdur. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma Papası Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir. Siz yəqin ki, Bakının mərkəzində olan, tərəfimizdən bərpa edilmiş erməni kilsəsini görmüsünüz. Biz onu erməni xalqının mirası kimi qoruyuruq”.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində deyib.
Azərbaycan Prezidenti əlavə edib ki, biz bu kilsədə erməni dilində 5000-dən artıq qədim kitab saxlayırıq: “Lakin Ermənistan bizim məscidlərimizə nə edib? Onlar Ağdamın, Füzulinin və Şuşanın məscidlərinə nə ediblər? Demək olar ki, onlar nəinki onları dağıdıblar, orada heyvan saxlayırlar. Onlar orada donuz saxlayırlar və bununla təkcə bizim deyil, bütün müsəlmanların hisslərini təhqir edirlər.
Mən demirəm ki, biz bunu qisas almaq üçün etmişik. Xeyr. Biz bu məsələni araşdırmalıyıq. Biz nə baş verdiyindən əmin deyilik. Bizi günahlandırmaq üçün bunun ermənilər tərəfindən törədilə biləcəyinə dair şübhələrimiz var. Əgər bu, Azərbaycan hərbi birləşmələri tərəfindən törədilibsə, bu, səhv olub. Bizim hədəflərimiz arasında heç bir tarixi və ya dini hədəf yoxdur”.