Avropa Şurası Azərbaycana lazımdırmı? - TƏHLİL
06 fevral 2020 18:17 (UTC +04:00)

Avropa Şurası Azərbaycana lazımdırmı? - TƏHLİL

Prezident İlham Əliyevin Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən diqqət çəkən məqamlardan biri dövlət başçısının Avropa Şurası və Avropa Şurası Parlament Assambleyası (AŞPA) haqqında səsləndirdiyi fikirlər olub. Ölkə rəhbəri görüşdə bu Avropa təsisatlarını sərt tənqid edib. Ötən ay Strasburqda AŞPA-nın sessiyasında Türkiyə nümayəndələrinin tam heyətlə Azərbaycanın haqq işinə öz dəstəyini göstərdiyinə diqqət çəkən Prezident Əliyev bildirdi ki, Azərbaycan nümayəndə heyəti də öz növbəsində, hər zaman Türkiyəni dəstəkləyir: ”Əfsuslar olsun ki, 20 il ərzində bu təşkilat Azərbaycanı hədəf seçib, Türkiyəni isə daha uzun müddət ərzində...”

Dövlət başçısı təəssüf hissə ilə qeyd edib ki, Avropa Şurasında deqradasiya prosesi gedir: “Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir. Sözün düzü, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilib, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik”.

Azərbaycan Prezidentinin sözlərinə görə, o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır: “Mən Ermənistanı misal gətirə bilərəm. Ermənistanın keçmiş prezidenti bir ildən çoxdur ki, həbs olunub, o prezident fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra həbs olunub və bir ildən çoxdur ki, həbsxanada saxlanılır. İki il bundan əvvəl Ermənistana rəhbərlik edən prezident də indi istintaq altındadır. Onun haqqında cinayət işi açılıb və mətbuatda yayılan məlumata görə onun işi məhkəməyə verilib. Bunun da başlıca səbəbi keçmiş prezidentlərin indiki iqtidarın fəaliyyətini tənqid etmələridir. Ermənistanda jurnalistlər həbs olunur. Mənə verilən  məlumata görə, bu yaxınlarda bir media orqanının rəhbəri həbs olunub. Bir neçə ay bundan əvvəl bir jurnalist həbsxanada aclıq aksiyasına başlayaraq aclıqdan vəfat edib. Ancaq bu faktların heç biri Avropa Şurasında qeydə alınmır. Nə üçün? Nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət?  Biz bu sualın cavabını yaxşı bilirik və bir daha qeyd etmək istəyirəm, yaxşı olardı ki, Avropa Şurası bu məsələlərlə məşğul olsun”.

Prezident İlham Əliyev Avropa Şurasının Avropa ölkələrində baş verənlərlə bağlı mövqeyindən də danışıb: “Avropa Şurası Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, insanların polis tərəfindən öldürülməsinə diqqət yetirsin, o ölkələri qınasın, o ölkələrin hüquq mühafizə orqanlarına irad tutsun. Biz bunu eşitmirik, biz televiziyada görürük. Demək olar ki, müntəzəm olaraq Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, əzilir, təhqir edilir, öldürülür, insanların gözləri çıxarılır, insanların üstünə itlər göndərilir, atlarla insanları əzirlər. Sanki bu, demokratiya imiş. İndi biz  bunu deyəndə, - mən bunu bir çox hallarda Avropadan gəlmiş və bizi tənqid etmək istəyən şəxslərə açıq demişəm, - onlar cavab  vermirlər, susurlar. Amma  otaqdan çıxan kimi yenə də öz bədnam fəaliyyətinə başlayıb bizi ləkələmək istəyirlər. Biz  buna, əlbəttə ki, dözə bilmərik. Biz Türkiyə ilə birlikdə mübarizə aparırıq, necə ki, biz sizinlə birlikdə mübarizə aparmışıq”.

Avropa Şurasında mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların olduğuna diqqəti çəkən ölkə rəhbəri bəyan edib ki, qurum dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil və Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib.

Qeyd edək ki, Prezident Əliyev qısa nitqində Avropa Şurasının ikili standartlarını konkret faktlarla ortaya qoyub.

Dövlət başçısının bu fikirlərinin təsdiqi kimi əlavə bir neçə fakt da göstərmək olar. Azərbaycanı daim hədəf seçən bu qurum Ermənistanda baş verən ciddi pozuntulara daim seyrçi qalıb. Məsələn, “Vahid Ermənistan" Partiyasının sədr müavini və "Haynews.am" saytının koordinatoru Mqer Yegizaryan 2019-cu il yanvarın 26-da İrəvanda “Nubaraşen” həbsxanasındakı kamerada iki aylıq aclıq aksiyasından sonra ölüb, lakin Avropa Şurası və AŞPA buna heç bir reaksiya verməyib.

Daha bir fakt. Gürcüstanda sabiq müdafiə naziri İrakli Okruaşvili 2019-cu il iyunun 11-də “Qalib Gürcüstan” siyasi hərəkatını yaradıb, həmin ayın 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunaraq iyulun 27-də həbs edilib. 2019-cu ildə Gürcüstanın müxalif "Qalib Gürcüstan" siyasi hərəkatının liderlərindən olan Quram Çalaqaşvili həbs edilib, 2017-ci ildə sabiq prezident Mixiel Saakaşviliyə qarşı cinayət işi açılıb. Avropa Şurası bütün bunları da görməzdən gəlib.

Başqa bir fakt isə Ukrayna ilə bağlıdır. 2019-cu ilin mayında Ukraynanın Dövlət İstintaq Bürosu sabiq prezident Petro Poroşenkoya qarşı dövlətə xəyanət maddəsi üzrə cinayət işi açıb, lakin Avropa Şurası bu məsələyə də münasibət bildirməyib, bu barədə heç bir qətnamə qəbul etməyib.

Avropa Şurasında və AŞPA-da ikili standartlar, qərəz, qeyri-obyektivlik, ayrı-seçkilik qaydalarının hökm sürdüyünü təsdiqləyən əsas faktlar isə Avropa ölkələrində baş verənlərə münasibətdir. Elə son olaraq Fransada “sarı jiletlilər”in aksiyalarını və Avropaya üz tutmuş miqrantlara münasibəti xatırlatmaq kifayətdir. Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, iştirakçıların üzərinə itlərin göndərilməsinə, onların atlarla əzilməsinə, polis tərəfindən döyülməsinə və hətta öldürülməsinə, milli, dini və irqi ayrı-seçkilik faktlarına Avropanın digər təsisatları kimi Avropa Şurası və AŞPA tərəfindən də tam biganə münasibət bəslənilir. Belə görünür ki, onlar bu sadalananları demokratiya nümunəsi hesab edirlər.

Bütün bunlara faktlara, eyni zamanda ikili standartlar, riyakarlıq, qərəz, daimi təhdid siyasətinin yürüdülməsinə görə Azərbaycan artıq nüfuzdan düşmüş və deqradasiyaya uğramaqda olan bu təşkilatın qərarlarına heç bir əhəmiyyət vermir.

Qeyd edək ki, Azərbaycanın Avropa Şurasının, AŞPA-nın ədalətsizliyi ilə üzləşdiyini, bu qurumların hədəfinə çevrildiyini təkcə Türkiyə deyil, digər ölkələr də açıq bəyan edir.

Rusiya Dövlət Dumasının vitse-spikeri, Rusiyanın AŞPA-dakı nümayənə heyətinin rəhbəri və AŞPA-nın vitse-spikeri Pyotr Tolstoy bir neçə gün əvvəl APA-ya açıqlamasında bildirib ki, AŞPA-nın hədəfində olan ölkələr var, Azərbaycan da onlardan biridir.

“Nə qədər ki, Rusiya AŞPA-da yox idi, Azərbaycanı çox tənqid edirdilər. İndi də bunu davam etdirəcəklər. Burada qorxulu bir şey yoxdur, ötüb keçəcək. AŞPA-nın etdikləri tövsiyə xarakteri daşıyır. Əsas məsələ bizim ölkələrimizin suverenliyi və seçicilərimizin iradəsidir”, - deyə P. Tolstoy vurğulayıb.

Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər Komitəsinin sədr müavini, Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyak da bu günlərdə bəyan edib ki, AŞPA-da Rusiya və Azərbaycan nümayəndə heyətlərinin çox sıx təmasları mövcuddur və Bakı ilə Moskvanın AŞPA-da baş verən məsələlərə baxışı oxşardır: “Bu da öz növbəsində bir sıra mürəkkəb məsələlərdə Azərbaycanın anlayışlı mövqeyinə ümid etməyə, digər tərəfdən Azərbaycanın dəstəyə ehtiyacı olduğu zaman bizim hazır olmağımıza imkan verir. Rusiya məmnuniyyətlə AŞPA-da Azərbaycana dəstəyini göstərir”.

Göründüyü kimi, Avropa Şurasının qərəzli mövqeyinə baxmayaraq, Azərbaycan beynəlxalq aləmdə ciddi dəstəyi olan müstəqil bir dövlətdir. Bu baxımdan, heç vaxt təzyiq və təhdid dilini qəbul etməyib, bundan sonra da öz prinsipial mövqeyində qalacaq. Əslində, Avropa Şurası düşünməlidir ki, o, Azərbaycana nə dərəcədə lazımdır? Bakı bir çox qurumlarda təmsil olunur və riyakar, ikili standartların hökm sürdüyü nüfuzsuz bir təşkilatı istənilən vaxt tərk edə bilər.

Avropa Şurasının hədələri isə heç bir effekt verə bilməz. Xatırladaq ki, bir neçə il öncə Rusiyaya qarşı sanksiyalar tətbiq edib onu səs hüququndan məhrum edən AŞPA sonrakı mərhələdə bu ölkənin dalınca qaçdı və öz qərarını ləğv etmək məcburiyyətində qaldı. Belə ki, Rusiya 2014-cü ildə Krımdakı fəaliyyətinə görə cəzalandırılmışdı. Lakin Rusiyasız keçinə bilməyəcəyini anlayan Avropa deputatları reallığı dərk edərək, Rusiyanın təşkilatda səs hüququnu qaytarmağa məcbur oldu. Bu faktın özü də Avropa Şurasının və AŞPA-nın nə dərəcədə prinsipsiz və amorf təşkilat olduğunu göstərir.

Əslində, Avropa Şurası artıq çoxdan öz önəmini itirib və artıq daha çox iştirakçı ölkələr üçün diskussiya klubu kimi fəaliyyət göstərir.

Bu təşkilatda baş verənləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da dəqiq dəyərləndirib: “Avropa Şurasının daxilində çox ciddi proseslər gedir. AŞPA-nın yanvar sessiyası bunu bir daha göstərdi. Bu qurumda sistemli böhran yaşanır. Buna görə də bu təşkilatın dövlətlərlə münasibətlərində ciddi problemlər müşahidə edirik. Avropa Şurasının ölkələrlə münasibət qurması müşkül məsələyə çevrilib. Bunun bir nümunəsi kimi Azərbaycana olan münasibəti canlı şəkildə gördük. Hətta bu böhran içərisində belə Azərbaycan kəskin, tənqidlərlə dolu olan məruzəyə normal, konstruktiv yanaşma ortaya qoymağa cəhd göstərdi”.

S.Seyidov diqqətə çatdırıb ki, AŞPA-nın mövqeyi, yanaşması Azərbaycana qarşı təzyiq vasitəsidir. Bu təzyiq vasitəsi isə Avropa Şurasının özünə daha çox problemlər yaradır, nəinki Azərbaycana...

Bir sözlə, Avropa Şurası bu ikili standartın hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ də anlaya bilmir. Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur. Bölgənin ən mühüm ölkələrindən biri olan Azərbaycan Avropa Şurasını tərk etsə, Bakı bundan heç nə itirməyəcək, lakin bu qurum Azərbaycan kimi ən mühüm oyunçudan məhrum ola bilər.

APA Analytics

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2809
avatar

Oxşar yazılar