AKP rəsmisi Ermənistana səsləndi: Yolverilməzdir!
08 oktyabr 2020 19:10 (UTC +04:00)

AKP rəsmisi Ermənistana səsləndi: Yolverilməzdir!

“Türkiyə Cümhuriyyəti bütün qəlbi ilə Azərbaycan dövlətinin və xalqının yanındadır. Bütün beynəlxalq təşkilatlarda sona qədər Azərbaycana dəstək göstərəcəyik”.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş Yeni Azərbaycan Partiyası ilə AKP arasında keçirilən birgə videokonfransda deyib.

O bildirib ki, Türkiyə sonadək Azərbaycan xalqının və dövlətinin yanında olacaq:

“Bir millət, iki dövlət” şüarını təkcə sadəcə söz olaraq söyləmirik. Azərbaycana ən kiçik zərbə dəydiyi zaman, bizim bütün vətəndaşlarımız bunu özündə hiss edir. Türkiyə Azərbaycan haqlı savaşında sonuna qədər onun yanında olacaq. Rəsmi olaraq bu dəstəyi ifadə edirik. Bu dəstəyi partiyalar səviyyəsində göstərmək üçün Yeni Azərbaycan Partiyası və AKP arasında bu əməkdaşlığı genişləndirmək üçün konfrans keçiririk. Bu toplantı dəyərlidir. Azərbaycanı haqlı mübarizəsində dəstəkləyirik. Bu məsələdə bəzi ölkələr də Azərbaycanın mövqeyini dəstəkləyib. Dağlıq Qarabağ münaqişəsində işğalçı tərəf olan Ermənistandır. Bir sıra Avropa  ölkələrində diaspor vasitəsilə Dağlıq Qarabağ probleminin həllinə mane olan ölkə də Ermənistandır. Dünya bu həqiqəti görməlidir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından bütünlüklə çəkilməlidir. Ermənistan Azərbaycan ərazilərindən geri  çəkilənə qədər bu problem bitməz. Azərbaycan hər hansı müharibə istəmədi, bu müharibəni başlamadı. Ancaq öz torpaqları uğrunda mübarizə aparır. Azərbaycan Ordusu dünyanın gözü önündə bu hədəflərə doğru irəliləyir, işğalçılara göz açdırmır. Diləyimiz Qarabağın işğaldan azad olunmasıdir”.

AKP rəsmisi qeyd edib ki, Türkiyə Azərbaycanın haqq işini bütün plaformalarda dilə gətirir:

“Dünya ictimaiyyəti Ermənistanın işğalçı olduğunu bilir. Atəşkəsdən bəhs etsələr də, Azərbaycanın işğal olunmuş  torpaqlarının azad edilməsindən danışmırlar. Bu, qəbulolunmazdır. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri var və onlar icra edilməlidir. Ona görə də işğalçıya diplomatik təzyiqlər göstərmək lazımdır. Biz Türkiyə olaraq bütün dünyaya anlatmağa çalışırıq ki, bu regionda sülh və sabitliyin təmin olunması üçün erməni işğalına son qoyulmalıdır. Biz Qafqazlarda münaqişə, istəmirik. Azərbaycan tarixi torpaqı olan Qarabağı işğaldan azad etdikdən sonra bölgədə davamlı sülh təmin olunacaq. Türkiyə olaraq bu regionda bütün xalqların sülh şəraitində yaşamasını istəyirik. Haqq olan yerdə qalib gəlməmək mümkün deyil. Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında sonuna qədər  Azərbaycanın haqlı mövqeyi müdafiə edəcəyik”.

Numan Kurtulmuş onu da qeyd edib ki, Ermənistan PKK və digər terrorçuları Dağlıq Qarabağdakı döyüşlərə cəlb edir:

“Bu isə yolverilməzdir. Qarabağın işğalı 30 ildir davam edir. Bu 30 illik müddətdə ATƏT-in Minsk qrupunun problemin həlli üçün ciddi  təşəbbüsləri olmadı. Azərbaycanın haqlı davası da buna görədir. Azərbaycanlı qardaşlarımız bu savaşda inşallah zəfər çalacaq. Haqq mübarizəsində şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643
avatar

Oxşar yazılar