Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Anar Əsədlinin müraciətinə baxılıb.
APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.
R. İrahimov bildirib ki, A. Əsədli bu dairə üzrə 1-ci məntəqədən 59-cu məntəqəyə qədər bütün seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia edib və 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində seçkinin nəticələrinin ləğv olunmasını xahiş edib.
MSK-nın apardığı araşdırma zamanı iki seçki məntəqəsi üzrə təqdim edilən protokolların müqayisəsi zamanı 48 və 50 saylı seçki məntəqələrində seçkinin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi üzə çıxıb.
MSK sədri Məzahir Pənahov bildirib ki, dairə seçki komissiyası təqdim edilmiş iki protokolu nəzərə almayıbsa, həmin DSK cəzalandırılmalıdır.
A. Əsədli isə 31 məntəqə üzrə 109 videofakt təqdim olunduğunu, məntəqələrin əksəriyyətində protokolların verilməkdən imtina edildiyini nəzərə çatdırıb. Eyni zamanda ümumilikdə 59 məntəqədən yalnız 8-dən protokol əldə olunduğunu söyləyib, seçki məntəqələrindən protokolların verilməməsi ilə bağlı fevralın 9-da MSK-nın “qaynar xətt”inə məlumat verildiyini qeyd edib.
MSK məsələni müzakirəyə çıxarıb, 48 və 50 saylı seçki məntəqələrində seçkinin nəticələri ləğv edilib.
Qeyd edək ki, bundan əvvəl həmin dairədən namizəd Faiq Kərimovun müraciəti əsasında 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilmişdi.