“Türkiyənin iştirakı olmasa, bu məsələ həll edilməz” - İlham Əliyev
14 oktyabr 2020 13:38 (UTC +04:00)

“Türkiyənin iştirakı olmasa, bu məsələ həll edilməz” - İlham Əliyev

“Sülhməramlı qüvvələrin bölgəyə göndərilməsi və sülhməramlı qüvvələrin tərkibi, yəni hansı ölkələrinin orada olacağı hər iki ölkənin - Ermənistanın və Azərbaycanın razılığı əsasında olmalıdır. Əgər hər hansı ölkə veto qoyarsa, təbii ki, bu, olmayacaq”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, ikinci məsələ odur ki, hər kəs anlamalıdır ki, bu gün sülhməramlı qüvvələrin göndərilməsi dedikdə söhbət Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən gedir: “Bizim razılığımız olmadan hər hansı ölkə sülhməramlı qüvvələrini bizim torpaqlara göndərə bilməz. Bu, beynəlxalq hüquqa ziddir və qəbuledilməzdir. Ona görə də bizdə belə bir narahatlıq yoxdur. Belə səylər, istəklər ola bilər, mən bunu istisna etmirəm. Ancaq bütün məsələlər masa üzərində olmalıdır. Onu da bildirməliyəm ki, müzakirə mövzusu olan təməl prinsiplərində sülhməramlı qüvvələrin göndərilməsi ən son mərhələdə nəzərdə tutulur. İlk növbədə, torpaqların boşaldılması, məcburi köçkünlərin o torpaqlara qaytarılması, nəqliyyat əlaqələrinin bərpa edilməsi, sərhədlərin açılması, ticarət təmin edilməlidir. Ondan sonra sülhməramlı qüvvələrin gətirilməsi də istisna deyil. Ancaq nəzərə alsaq ki, bu 30 il ərzində biz müzakirə prosesində müsbət nəticəyə yaxınlaşmadıq, bu məsələ heç müzakirə də oluna bilməz.  Ona görə də bu məsələ ilə bağlı hər hansı fərziyə, istək ola bilər, ancaq Azərbaycanın razılığı olmadan bu, mümkün deyil”.

ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə əlaqədar məsələyə gəlincə, Prezident İlham Əliyev qeyd edib ki, Minsk Qrupu 1992-ci ildə yaradılıb: “O zaman buna hansı əsaslar səbəb oldu, biz bilmirik. Minsk Qrupunda elə ölkələr var ki, heç bu bölgə ilə maraqlanmırlar, bu bölgədə hər hansı maraqları və təsirləri də yoxdur. Ona görə də əgər biz bu münaqişənin həllini istəyiriksə və biz bunu istəyirik, elə ölkələr olmalıdır ki, onlar real həyatda bu sülhün təmin olunmasına xidmət edə bilərlər. Təbii ki, biz qardaş Türkiyəni bu prosesdə görürük, biz bunu alqışlayırıq. Biz anlayırıq ki, Minsk Qrupu ATƏT tərəfindən qurulub və ATƏT-in öz qaydaları var. O Qrupun tərkibinin dəyişdirilməsi üçün yəqin ki, hansısa hüquqi prosedurlar var, biz o dərinliyə getmək istəmirik. Ona görə də mən demişəm ki, “de-yure”, ya “de-fakto”, fərq etməz, əsas odur ki, Türkiyə bu masada olsun və zatən var. Çünki Qarabağ məsələsi ilə bağlı əziz qardaşım, hörmətli Rəcəb Tayyib Ərdoğan hörmətli Putinlə dəfələrlə görüşüb, dəfələrlə danışıb. Uzun illər, 10 ildən çoxdur ki, bu məsələ Türkiyə-Rusiya gündəliyində duran bir məsələdir və mənim də bundan xəbərim var. Həm Türkiyə Prezidenti, həm Rusiya Prezidenti bu haqda mənə demişdilər. Zatən, Türkiyə var, indi də daha çox, daha böyük həcmdə, miqyasda var. Bu gün hörmətli Mövlud Çavuşoğlu hörmətli Sergey Lavrovla, Türkiyənin Müdafiə naziri hörmətli Hulusi Akar Rusiya Müdafiə naziri hörmətli Sergey Şoyqu ilə telefonla danışırlar. Kim deyə bilər ki, bu məsələdə Türkiyə yoxdur? Türkiyə yoxdursa, nə üçün danışırsınız? Türkiyə var. Biz də əlimizdən gələni edəcəyik ki, bundan sonra da olsun. Çünki Türkiyənin burada iştirakı olmasa, bu məsələ həll edilməz. Bunu hər kəs anlamalıdır. Məsələnin formal tərəfinə gəlincə, bu formal tərəf qala bilər, Minsk Qrupu da qala bilər. Zatən 30 il ərzində bir nəticə hasil etmədi, ola bilər. Amma nə qədər tez bu məsələ çözülərsə, o qədər də tez Minsk Qrupuna ehtiyac qalmayacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643
avatar

Oxşar yazılar