"Türkiyənin İdlibdə nə işi var?" deyənlərə EKSPERTDƏN CAVAB
03 mart 2020 15:25 (UTC +04:00)

"Türkiyənin İdlibdə nə işi var?" deyənlərə EKSPERTDƏN CAVAB

Ötən həftə dünyanın əsas gündəmi Türkiyənin Suriyanın İdlib vilayətində yeni hərbi əməliyyatlara başlaması və 33 şəhid verməsi oldu. İdlibdə türk əsgərlərinin öldürülməsindən sonra Rusiya tərəfi açıqlama verərək, hücumun onlar tərəfindən edilmədiyini bildirdi. Həmin hücumdan və çoxlu sayda şəhid xəbərindən sonra Türkiyəni ərazidə hərbi əməliyyatlara başladığı üçün qınayanlar da oldu.

Politoloq və hərbi ekspert, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli bölgədə baş verən prosesləri Lent.az-a şərh edib. Onun sözlərinə görə, Türkiyənin Suriyada keçirdiyi əməliyyatlar öz təhlükəsizliyini qorumaq məqsədi daşıyır:

“Bir neçə gün əvvəl İdlibdə 33 hərbçinin şəhid olmasına görə Türkiyəni qınayanlar var. Onlar deyirlər ki, Türkiyənin həmin ərazidə nə işi var? Həmin adamlara demək lazımdır ki, bəs ABŞ-ın, Rusiyanın orada nə işi var? Türkiyənin keçirdiyi hərbi əməliyyatlar öz təhlükəsizliyini qorumaq məqsədi daşıyır. PKK-PYD terroçuları məhz həmin ərazidən peyda olurlar. Həmçinin müharibə varsa, müstəqilliyi qorumaq ideyası varsa, şəhid olması qaçılmaz deyil. Düşünürəm ki, martın 5-də Türkiyə və Rusiya prezidentləri arasında baş tutacaq görüş iki ölkə arasındakı münasibətləri qaydaya salacaq”.

E.Həsənli həmçinin bölgədə illərdir davam edən müharibədə ən çox Türkiyənin əziyyət çəkdiyini bildirib. Təşkilat sədri verdiyi açıqlamada qaçqınların Avropaya buraxılması qərarının da düzgün olduğunu nəzərə çatdırıb:

“Sözügedən ərazidə Türkiyə, ABŞ və Rusiyanın maraqları toqquşur. Bunların içərisində ən çox haqlı olan Türkiyədir. Çünki Suriya müharibəsində 5 milyondan çox suriyalı qaçqın bu ölkəyə gəlib. Avropa Birliyi bu məsələdə heç bir yardım etmədi. Son iki gündə ölkədəki qaçqınların Avropaya keçməsinə icazə verildi. Bəlkə bundan sonra məcbur qalıb yardım edəcək, yaxud bölgədə problemin həll olunması üçün hansısa tədbirlər görüləcək. Son əməliyyatlarda yarım milyondan çox suriyalı yenidən Türkiyəyə gələ bilərdi. Ötən həftə baş verən hadisələr, qaçqınları himayə etmək və ərazidə supergüclərlə toqquşmaq onu göstərir ki, Türkiyə regionda aparıcı qüvvəyə malikdir”.

Xatırladaq ki, fevralın 27-də Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib vilayətində “Bahar qalxanı” hərbi əməliyyatına başlayıb. Ölkənin müdafiə naziri Hulisi Akar əməliyyatların başladılmasında əsas məqsədin Əsəd rejimi tərəfindən törədilən qətliamlara son qoymaq, cinayət və miqrasiya dalğasının qarşısını almaq olduğunu deyib. Bunun ardınca isə Suriyada hazırkı rejimə sadiq qüvvələr fevralın 28-ə keçən gecə İdlibdə Türkiyə silahlı qüvvələrinə hücuma keçib. Nəticədə 33 hərbçi şəhid olub, 36 nəfəri yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1773
avatar

Mehman Nəbiyev

Oxşar yazılar