"Təcili olmayan layihələr təxirə salına bilər” - Prezident
31 mart 2020 18:18 (UTC +04:00)

"Təcili olmayan layihələr təxirə salına bilər” - Prezident

“Təbii ki, bu pandemiya bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurub. Artıq dünyanın aparıcı maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaqdır”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Dövlət başçısının sözlərinə görə, eyni zamanda, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi, demək olar ki, 2 dəfədən çox aşağı düşməsi, Azərbaycan iqtisadiyyatına da böyük problemlər yarada bilər və təbii ki, bizim gəlirlərimiz azalır: “Buna baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı bir daha demək istəyirəm ki, heç bir problem olmamalıdır. İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir. Eyni zamanda, bir daha büdcə xərclərinə baxmaq lazımdır və təcili olmayan layihələr təxirə salına bilər. Əlbəttə ki, bu layihələrin həyata keçirilməsi, yaxud da ki, əksinə, təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə də mütləq baxmalıyıq. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri, eyni zamanda, məşğulluğu təmin edir və əhalisi artan Azərbaycan üçün məşğulluq məsələsi, əlbəttə ki, ön plandadır.

Bizim builki iqtisadi dinamikamız çox müsbət idi. Yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz artmışdır, qeyri-neft sektorunda 6,7 faiz, qeyri-neft sənaye sahəsində 21,7 faiz artmışdır. İnflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirləri isə 9 faiz olmuşdur, yəni, gəlirlər inflyasiyanı üstələmişdir. Eyni zamanda, vergi və gömrük orqanları 2 ayda dövlət büdcəsinə böyük məbləğdə vəsait daxil etmişdir. Vergi orqanları büdcəyə 170 milyon manat, gömrük orqanları isə 80 milyon manat vəsait daxil etmişdir. Əlbəttə, bizim ümidlərimiz ondan ibarət idi ki, il boyunca bu dinamika özünü saxlayacaq, beləliklə, büdcəmizə əlavə gəlirlər gələcək və bunun hesabına əlavə sosial proqramların icrası mümkün olacaq.

İndi mart ayının yekunları haqqında danışmaq bir qədər tezdir. Adətən Dövlət Statistika Komitəsi birinci rübün başa çatmasından təqribən bir həftə sonra rəqəmləri təqdim edir. Ona görə biz bu rəqəmləri, əlbəttə ki, təhlil edəcəyik. Ancaq təxmin etmək çətin deyil ki, bu pandemiya iqtisadi inkişafımıza, əlbəttə, böyük əngəl törədir və törədəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092
avatar

Oxşar yazılar