“Tanrı sizi və bütün Azərbaycanı qorusun” - Prezidentə yazırlar
07 oktyabr 2020 16:51 (UTC +04:00)

“Tanrı sizi və bütün Azərbaycanı qorusun” - Prezidentə yazırlar

Azərbaycan Prezidenti İlham Əliyevə ölkənin hər yerindən məktublar gəlməyə davam edir.

Lent.az həmin məktublardan bir neçəsini təqdim edir:

Xalidə Əhmədova, İsmayıllıdan:

- Möhtərəm Cənab Prezident.

Sizin yerində verdiyiniz qərarlar və ordumuzun göstərdiyi şücaət nəticəsində illərdir arzusunda olduğumuz torpaqlar növbə ilə geri qayıdır. Bu münasibətlə Sizi təbrik edir, gələcəkdə də verdiyiniz qərarlarda Sizin yanınızda olacağımı diqqətinizə çatdırıram. Bir İsmayıllı gənci, Azərbaycan gənci olaraq verdiyiniz qərarlara görə Sizə təşəkkür edirəm.

Nərgiz Rəhimli, Bakıdan yazır:

- Cənab Prezident İlham Əliyev,

Ölkəmizin hər gün inkişaf etməsi hər kəsə məlumdur. Biz bu gün tarixi qələbənin astanasındayıq. Bütün Azərbaycan xalqı sevinc və fəxr hissi keçirir. Bütün bunlar sizin uzaq görən siyasətinizin nəticəsidir. Azərbaycan ordusu çox çətin bir missiyanın öhdəsindən gəlir. Bu sizin mükəmməl ordu quruculuğu siyasətinizin ən bariz nümunəsidir. Bu gün rahatlıqla və heç nədən çəkinməyərək sizin sayənizdə deyə bilirik ki, "Qarabağ Azərbaycandır!". Mən bütün bunlara görə özümün və ailəmin adından sizə dərin minnətdarlığımı bildirirəm. Allahdan sizə və ailənizə uzun ömür arzulayıram. Tanrı sizi və bütün Azərbaycanı qorusun.

Sona Süleymanova, Qaxdan:

- Hörmətli cənab Prezident.

Mən, 1992-ci il sentyabrın 15-də Ağdərə uğrunda gedən döyüşlərdə Qax şəhərindən şəhid olan Namiq Şükür oğlu Allahverdiyevin anasıyam. Hörmətli Prezident, cənab Ali Baş Komandan. Son günlər cəbhədən gələn şad xəbərlər, Sizin televiziya vasitəsilə xalqa müraciətiniz hər bir azərbaycanlı kimi məni də çox sevindirir. Bir şəhid anası kimi sizin tutduğunuz mövqeyi və Qələbə əzminizi dəstəkləyir və alqışlayıram. Cənab Prezident 30 ildir övladlarımızın qanı tökülmüş o torpaqların gözü yoldadır. Siz bu torpaqlara yol açdınız. Mənim ən böyük arzumdur ki, Qarabağ işğaldan azad olunsun və igid oğullarımızın qanı tökülən torpaqlarımıza gedim. Oğlumun şəhid olduğu yer - Ağdərənin Çıldıran yüksəkliyinin qarşısında diz çöküb şəhidlərin ruhuna rəhmət diləyim ki, onların da ruhu şad olsun. Cənab Ali Baş Komandan mən Sizdən Qələbə!, Qarabağ Azərbaycandır!, Qarabağ bizimdir! deyə xalqımıza səslənməyinizi gözləyirəm. Amin inşallah.

Anar Rzayev, Ağcabədidən yazır:

- Hörmətli cənab Prezident.

Bu gün qətiyyətlə bildirirəm ki, mən də Sizinlə fəxr edirəm. Siz bizim başımızı ucaltdınız. Buna görə Sizə minnətdaram. Artıq 30 ildir xalqımızın həsrətlə gözlədiyi gün Sizin qətiyyətli mövqeyiniz, siyasi bacarığınız və cəsarətli addımlarınız hesabına gəlib çatmışdır. Sizin uğurlu daxili və xarici siyasətiniz güclü Azərbaycan Ordusunun formalaşmasını, onun xaricdə nüfuzunun artmasını təmin etmişdir. Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin başladığı uğurlu əks-hücum əməliyyatını dəstəkləyir, Ordumuzun uğurlarını hər bir azərbaycanlı kimi biz də sevinc və qürur hissi ilə alqışlayırıq. İnşallah, Ordumuz tezliklə Qarabağı mənfur düşmənlərdən azad edər və biz gözəl Şuşamızda, Cıdır düzündə və bütün azad olunan torpaqlarımızda qələbə bayramını qeyd edərik. Allah Sizə uzun ömür, cansağlığı versin. Mən Sizinlə fəxr edirəm və qürur duyuram. Ulu Tanrı Ali Baş Komandanımızı, Azərbaycan xalqını qorusun. Yaşasın Azərbaycan Ordusu!

Vahid Mirzəliyev, Gəncədən yazır:

- Möhtərəm cənab Prezident.

Düşmən təxribatına əks-hücumla cavab verilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi barədə əmriniz vaxtında qəbul olunmuş qərardır. Bütün xalqımız kimi biz də səfərbər olaraq, bu müqəddəs haqq işində Sizin əsgəriniz olmağa hazırıq.
Azərbaycan tarixən öz mərd oğulları, igid ərənləri ilə tanınıb. Sizin də adınızın Azərbaycan tarixinə “Qarabağı azad edən qətiyyətli Ali Baş Komandan” olaraq yazılacağına heç bir şübhəmiz yoxdur.
Ulu Tanrı qolunuzdan qüvvəti, sözünüzdən kəsəri heç vaxt əskik etməsin.

Zərniyar Əhmədova, Biləsuvardan:

- Hörmətli cənab Prezident!

Tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq və dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqil Azərbaycanımızın timsalında görmüşük və bu gün də görürük. Cənab Ali Baş Komandan bizə yaşatdığınız bu qələbə sevincinə görə sizə qəlbən minnətdarıq. Qazanılan qələbələr təkcə silahın gücü deyil, Sizin uzaqgörən siyasətinizin, dünyada yüksək nüfuzunuzun məntiqi nəticəsidir. Mən bir Cəbrayıl rayon ziyalısı kimi gələcəyimiz olan uşaqlara Qarabağın tamamilə azad edildiyi xəbərini verməyi səbirsizliklə gözləyirəm. Sizi, Ordumuzu və Azərbaycan xalqını qazandığımız uğurlar münasibətilə təbrik edirəm. Sizinlə və şücaətli Ordumuzla fəxr edirik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hafiz Tahirov, Fizuli:

- Möhtərəm cənab Prezident!

Son günlər şanlı Azərbaycan Ordusunun işğalçı erməni təxribatlarına verdiyi tutarlı cavablar, torpaqlarımızın addım-addım düşmən tapdağından azad edilməsi , gərgin döyüşlərdə əsgərlərimizin göstərdiyi şücaət bir vətəndaş kimi bizi fərəhləndirir. İşğaldan azad edilmiş Madagizdə, Cəbrayıl şəhərində və digər yaşayış məntəqələrində Azərbaycan bayrağının dalğalanması haqqında aldığımız xəbərlər bizə sonsuz sevinc bəxş edir. Əldə olunmuş qələbələr məhz Sizin uğurlu rəhbərliyinizin nəticəsidir. Hər birimiz Sizinlə qürur duyuruq. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz, Ali Baş Komandanımız, bənzərsiz səriştəyə malik cəsur sərkərdəmiz, bütün varlığını xalqın, dövlətin mənafeyi uğrunda mübarizəyə həsr etmiş rəhbərimiz var. Qəti əminik ki, Azərbaycan naminə atdığınız bütün addımlar kimi torpaqlarımızın mənfur düşmən tapdağından azad edilməsi uğrunda Vətən müharibəsi də Sizin rəhbərliyinizlə ordumuzun nəsillərə nümunə olacaq tarixi qələbəsi ilə nəticələnəcək! Allah Sizi qorusun! Biz həmişə Sizinləyik! Eşq olsun şanlı Azərbaycan Ordusuna! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar